İsveçrə parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan təşəbbüsü dəstəkləyib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk feysbukda məlumat yayıb.
“Mən İsveçrə parlamentinə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdığına görə minnətdaram”, - Stefançuk qeyd edib.
Onun sözlərinə görə, İsveçrə qanunverici orqanının qəbul etdiyi bəyanatda milli, etnik, irqi və ya dini qrupu məhv etmək məqsədilə aclıqdan kütləvi və məqsədyönlü şəkildə öldürülməyə yönəlmiş sistematik hərəkətlər soyqırımı aktı kimi tanınır.
"Belə bir qərar tarixi ədalətin bərpası və günahsız qurbanların xatirəsinin qorunması yolunda tarixidir və son dərəcə vacibdir", - Stefançuk bildirib.
Xatırladaq ki, 1932-1933-cü illərin Qolodomoru artıq bir sıra ölkələr tərəfindən Ukrayna xalqının soyqırımı kimi tanınıb. Eyni zamanda, ötən ilin payızında ABŞ-ın daha bir ştatının Qolodomoru soyqırım kimi tanıdığı məlum olub. Bu, Ayova idi.