Modern.az

Putin düyməyə basacaqmı? - Kreml sahibi Qərbi belə HƏDƏLƏYİR

Putin düyməyə basacaqmı? - Kreml sahibi Qərbi belə HƏDƏLƏYİR

26 Sentyabr 2024, 14:36

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni qabaqlayıb. ABŞ lideri “Ukraynaya verdiyimiz raketlərlə Rusiyanın içərilərinə doğru zərbə vurmağa icazə verək, yoxsa verməyək” sualına cavab axtarana kimi, Rusiya prezidenti ölkəsinin nüvə doktrinasının dəyişdiyini elan edib. Putin hər hansı dövlətin adi silahlarla Rusiyaya hücum edəcəyi təqdirdə ona qarşı nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb. Yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər. Rusiya prezidenti bəyan edib ki, bu dəyişikliklər "müasir hərbi təhdidlərə qarşı" edilib.

Modern.az xəbər verir ki, mövzunu şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Putinin bu qərarı ABŞ raketlərindən istifadə məsələsində Kiyevə məhdudiyyət qoya bilər.

“Ancaq məsələ burasındadır ki, Ukrayna ordusu Rusiya ərazisində - Kursk istiqamətində ABŞ və Avropa ölkələrindən aldığı mərmi və raketlərdən istifadə edir. Bu halda Putin düyməyə basacaqmı? Kreml sahibinin hədələri hələ işləmir, ancaq bu o demək deyil ki, Putin Rusiya ərazisindəki patlayışlara uzun müddət seyrçi qalacaq. Putin ətrafındakı şovinistlərdən də çəkinir. Onlar Rusiya ərazisinin bombalanmasına seyrçi qalan Putinin zəif lider olmasına eyham vura bilərlər. Təsadüfi deyil ki, Kremlin televiziyadakı əsas ruporu Vladimir Solovyov Kreml sahibinin istefasına eyham vuran cümlə işlədib. Putinin nüvə doktrinasını dəyişdirməyə ətrafındakı şovinistlərin əhval-ruhiyyəsi də təsir edib”.

E.Şahinoğlunun sözlərinə görə, Kreml sahibi son qərarıyla həm də Qərb liderlərinə psixoloji təzyiqi artırmağa çalışıb:

“Müharibə uzanır və Qərbdə yorğunluq əlamətləri özünü göstərir, bəziləri hətta torpaq itkisi hesabına olsa belə, Kiyevə Moskva ilə danışıqlara başlamağı təklif edirlər. Üstəgəl bəzi Qərb ölkələri Ukraynaya əvvəlki səviyyədə hərbi texnika göndərməkdə çətinlik çəkdiyini açıqlamağa başlayıb. Qərb ölkələrində bu tendensiya güclənərsə, Ukrayna üçün vəziyyət daha da mürəkkəbləşəcək”.

Siyasi şərhçi deyib ki, SSRİ dağılandan sonra Ukrayna nüvə silahlarını Rusiyaya təhvil verməsəydi, bu gün Kiyev də Kreml kimi nüvə doktrinasını dəyişib “mənim ərazimə mərmi və raket atanları nüvə silahı ilə vuracam” qərarını elan edərdi.

"1994-cü il Budapeşt memorandumuna görə, Ukrayna SSRİ-dən qalma nüvə silahlarını Rusiyaya ötürdü. Kreml bunun qarşılığında Ukraynaya qarşı ərazi iddiası irəli sürməyəcəyi öhdəliyi götürdü. Görünür Kiyev elə o  vaxtdan, yəni Kremllə münasibətlərinin normal olduğu dövrdən Rusiyanın gələcək siyasətindən şübhəli idi. Budapeşt memorandumunun təminatçı dövlətlərindən biri Amerika Birləşmiş Ştatları idi. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başladıqda nə imzaladığı Budapeşt memorandumunu nəzərə aldı, nə də Vaşinqton təminatçı dövlət olaraq Kremli dayandıra bildi. Bu gün bunun acısını Ukrayna çəkir".

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı