Modern.az

Moskvada üçtərəfli görüşdən imtina edən PAŞİNYAN OLUB

Moskvada üçtərəfli görüşdən imtina edən PAŞİNYAN OLUB

Dünya

10 Oktyabr 2024, 10:54

Rusiya lideri Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) başçılarının Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi. Amma bu görüş alınmadı. Əslində Rusiya tərəfi bu görüşlə Bakı ilə İrəvan arasındakı vasitəçilik mübarizəsində önə çıxmaq məqsədi güdürdü.

Çünki İlham Əliyev və Nikol Paşinyan bu ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçirmişdilər. Rusiya isə fürsəti qaçırdı.

Əvəzində Putin Cənubi Qafqaz ölkələrinin liderlərilə ayrı-ayrılıqda, ikitərəfli görüş keçirməli oldu.

Putinin Əliyev və Paşinyanla ikitərəfli görüşlərində Ermənistan-Azərbaycan danışıqları, Zəngəzur dəhlizi mövzuları müzakirə olunub.

Qeyd edək ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov MDB ölkələri başçılarının Moskva sammiti ərəfəsində bildirmişdi ki, Putin Ermənistan və Azərbaycan liderlərinə üçtərəfli görüş təklif etsə də, razılıq ala bilməyib.

Uşakovun həmin açıqlaması diqqət çəkir: “Üçtərəfli görüşlə bağlı fikir var idi, ancaq bəziləri tərəfindən dəstəklənməyib”.

Ekspertlərin fikrincə, Uşakov “bəziləri” dedikdə Ermənistanın baş naziri Nikol Paşinyanı nəzərdə tutub.

Modern.az-ın məlumatına görə, Ermənistanın “Hraparak” qəzeti də bugünkü məqaləsində Putinin üçtərəfli görüş təklifini dəstəkləməyən tərəfin məhz Nikol Paşinyan olduğunu yazıb
 

“Moskva səfərinin yekunları belə təəssürat yaradır ki, Nikol Paşinyan növbəti dəfə Rusiya Federasiyasına qarşı demarş edib. Birincisi, Ermənistan MDB ölkələrinin xarici işlər nazirlərinin müavinlərinin görüşündə qəbul edilən iki bəyanata qoşulmayıb. İkincisi, Paşinyan MDB ölkələri liderlərinin görüşündəki çıxışında demək olar ki, açıq mətnlə bildirdi ki, heç bir sənəddə Azərbaycanı Naxçıvana birləşdirən yolun və ya Zəngəzur dəhlizinin üçüncü ölkənin nəzarətinə verilməsi qeyd olunmayıb. Yəni Zəngəzur dəhlizinə nəzarət etmək istəyən ruslar bundan ümidlərini üzsünlər”, - “Hraparak” yazıb.

Qəzet üçtərəfli Putin-Əliyev-Paşinyan formatlı görüşdən imtina edənin məhz Paşinyan olması ilə bağlı xəbərlərin olduğunu vurğulayıb.

“Belə təəssürat yaranır ki, Paşinyan Qərb mərkəzləri qarşısında götürdüyü öhdəliklərə sadiqdir və Rusiya platformasını rədd edir, üstəlik, Rusiyanı addım-addım Ermənistandan uzaqlaşdırır. Lakin bu kontekstdə Putinin Ermənistan və Azərbaycan liderlərini oktyabrın 23-24-də baş tutacaq BRİKS sammitinə - Kazana dəvət etməsi də diqqət çəkir...
Siyasi dairələrdə bu dəvət müxtəlif cür yozulur: bəziləri əmindir ki, Paşinyan Moskvada müəyyən kölgəli aranjimanlar edib və başladığı işi davam etdirmək üçün Kazana gedəcək”, - qəzet qeyd edib.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək