NATO-nun yeni baş katibi Mark Rutte deyib ki, alyans üzvləri Qərbin Ukraynaya hərbi dəstəyini zəiflətmək məqsədilə Kremlin yaratdığı nüvə təhlükələrindən qorxmamalıdır. Onun sözlərinə görə, gələn həftə başlayacaq nüvə təlimləri NATO-nun bu cür təhdidlərə cavab verməyə hazır olduğunu nümayiş etdirəcək.
Modern.az xəbər verir ki, oktyabr ayında alyansı təhvil almış Hollandiyanın keçmiş baş naziri Mark Rutte “Sky Nyus”a müsahibəsində “NATO üzvləri Rusiyanın nüvə təhdidlərinə diqqət yetirməlidirlərmi” sualına belə cavab verib: “Xeyr, yetirməməlidirlər".
Cümə axşamı Rutte Londonda Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşüb, sonra onunla Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqlarda iştirak edib. Ukrayna prezidenti “Qələbə planını” müzakirə etmək, silah tədarükünü artırmaq və Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raket zərbələri endirmək məsələsini bir daha təqdim etmək üçün əsas Avropa ölkələrinə səfərə çıxıb. Qərb raketlərinin bu cür hücumlarına qoyulan qadağanın aradan qaldırılması ehtimalı Vladimir Putini hədələyici bəyanatlar verməyə vadar edib:
“Moskva buna NATO ölkələrinin Rusiya-Ukrayna qarşıdurmasında birbaşa iştirakı kimi baxacaq və bu, “artıq münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişdirəcək”.
Buna görə də, Putin nüvə doktrinasına düzəliş təklif edib ki, nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin "təcavüzü" Rusiyaya birgə hücum kimi qiymətləndirilsin. Onun sözlərinə görə, Rusiyadakı hədəflərə qarşı strateji aviasiya, qanadlı raketlər, hipersonik maşınlar və pilotsuz təyyarələr kimi aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması ilə bağlı “etibarlı məlumat” alındığı halda, nüvə silahından istifadə imkanlarını da nəzərdən keçirməyə dəyər.
Rutte deyib: “NATO güclüdür. İstənilən düşmənə tab gətirə bilərik. NATO-nun təhlükəsizliyini təmin etmək və istənilən təhlükəyə qarşı çıxmaq üçün bizdə lazım olan hər şey var. Bizi təhdid etməyə çalışan qeyri-NATO ölkələri bizi heç vaxt qorxutmayacaq”.
Moskvadan gələn yeni nüvə təhdidləri fonunda NATO gələn həftə illik “Steadfast Noon” nüvə təliminə başlayacaq. Belçika və Hollandiyanın rəhbərlik edəcəyi təlimlərdə 2000 hərbçi, 8 hərbi baza və 13 ölkədən nüvə başlıqları daşıya bilən 60 təyyarə iştirak edəcək.
Rutte təlimin Kremlə hansı mesajı verəcəyi ilə bağlı suala belə cavablandırıb: “Müdafiəmizi sınaqdan keçirib gücləndirməyimiz çox vacibdir. Biz düşmənlərimizə də açıq şəkildə bildirdik ki, istənilən təhlükəyə cavab verməyə hazırıq”.
Qərbi nüvə raketləri ilə təkcə Putin deyil, həm də müntəzəm olaraq Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev, təbliğat mediası və digər dövlət rəsmiləri hədələyir.
Sentyabrın 19-da Avropa Parlamenti Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli Qərb raketləri ilə zərbələr endirməsinə icazə verən qətnamə qəbul etdikdən sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodin xatırladıb ki, “Sarmat” qitələrarası ballistik raketinin Avropa Parlamentinin yerləşdiyi Strasburqa uçuş müddəti 3 dəqiqə 20 saniyədir.