Modern.az

Gürcüstan seçkiləri: namizədlər arasında azərbaycanlılar da var - SİYAHI

Gürcüstan seçkiləri: namizədlər arasında azərbaycanlılar da var - SİYAHI

15 Oktyabr 2024, 15:06

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək partiya və siyasi təşkilatlar artıq namizəd siyahılarını açıqlayıblar. 

 

Tam proporsional seçki sistemi əsasında baş tutan seçkilərdə partiyalar parlamentə düşmək üçün azı 5 faiz səs toplamalıdır. 

 

Partiya və siyasi təşkilatların namizəd siyahılarında azərbaycanlılar da daxil edilib.

 

Modern.az Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak edəcək azərbaycanlı namizədlərdən bəzilərini təqdim edir.

 

Hakim “Gürcü arzusu” partiyasının siyahısında iki soydaşımız var. Onlardan biri Zaur Darğalıdır. 36 yaşlı siyasətçi əvvəllər Kvemo Kartli bölgəsinin qubernator müavini, daha sonra Marneli şəhərinin meri olub. O, 2020-ci ildən Gürcüstan parlamentinin deputatıdır.

 

Fotoda: Zaur Darğalı

 

Partiyanın digər azərbaycanlı namizədi Savalan Mirzəyev isə 38 yaşındadır. O, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri vəzifələrində çalışıb, 12 iyun 2013-cü ildə Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin milli azlıqların məsələləri üzrə müşaviri təyin edilib.  Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirən Savalan Mirzəyev hazırda Gürcüstan parlamentinin deputatıdır.

 

Ana müxalifətdə olan partiyaların daxil olduğu “Birlik - Milli Hərəkat” koalisiyasının namizədləri siyahsında da azərbaycanlı namizədlər var. Onlardan biri Rəfi Orucovdur. 1988-ci ildə Gürcüstanın Qardabani rayonunda anadan olan namizəd ixtisasca hüquqşunasdır. O, əvvəllər anadan olduğu rayonun bələdiyyə məclisində fəaliyyət göstərib və müxəlif vaxtlarda deputatlığa namizəd olub. Müxalifətdə olan Vahid Milli Hərəkat partiyasının üzvüdür.

 

Fotoda: Rəfi Orucov

Koalisiyanın digər azərbaycanlı namizədi Anar Muradov da Qardabani rayonundandır. 33 yaşlı namizəd Qardabani bələdiyyə məclisinin üzvüdür. Ceyhun Narzalov isə əvvəllər “Mtavari Arxi”nin jurnalisti olub və bu il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürüb. O, Tbilisi Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunudur. “Vahid Milli Hərəkatın”ın Marneuli rayon təşkilatının sədri Azad Kərimovun da namizədliyi irəli sürülüb.

 

Aktiv siyasətlə məşğul olan Aqil Mustafayev isə "Güclü Gürcüstan - Lelo" koalisiyasının proporsional seçki siyahısında yer alıb. O, siyasi karyerasına "Vahid Milli Hərəkat" partiyasında başlayıb, 2021-ci ildə könüllü olaraq partiyadan ayrılıb. 2024-cü ilin yazında isə müxalif "Lelo" partiyasına qoşulub.

 

Fotoda: Aqil Mustafayev

 

Seçkilərdə iştirak edəcək Birlik və İnkişaf Partiyasına azərbaycanlı Kamal Muradxanov rəhbərlik edir. O, əvvəllər Gürcüstanın Azərbaycan Respublikasındakı ticarət-iqtisadi nümayəndəsi və Gürcüstan parlamentinin deputatı olub. Onun partiyasından özü ilə yanaşı bir neçə azərbaycanlının namizəliyi irəli sürülüb. Partiyanın siyahısında Əskinaz Məmmədova, Mehriban Hüseynova, Camal Muradxanov kimi adlar da var.

 

“Dəyişikliklər naminə koalisiya”nın siyahısına bir azərbaycanlı daxil edilib. Namizəd Oqtay Kazımov 29 avqust 1984-cü ildə Gürcüstanın Msxeta bölgəsində anadan olub. O, yazıçı və tərcüməçindir.

 

“Birləşmiş Gürcüstanımız” koalisiyasının namizədləri siyahısında isə Rövşən Hüseynov, Teymur Əliyev kimi adlar var.

 

Qeyd edək ki, parlament seçkilərində 150 deputat seçiləcək.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?