İsrail Müdafiə Qüvvələrinin hərbçiləri Qəzza zolağının cənubunda keçirilən əməliyyatda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarla qarşılaşacaqlarını gözləmirmişlər.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” İsrail rəsmilərinə istinadən yazıb.
Belə ki, İsrail hərbçiləri Qəzzanın cənubundakı ərazini patrul edən zaman HƏMAS üzvləri ilə atışmaya giriblər. İsraillilər pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək bir qrup yaraqlının sığındığı binanın bir hissəsini dağıdıblar.
“Əsgərlər binada axtarış aparmağa başlayanda, heç gözləmədikləri bir adamın cəsədinə heyrətamiz dərəcədə bənzəyən bir cəsəd aşkar etdilər. Həmin adam Yəhya Sinvardır”, - nəşr yazır.
Qeyd edək ki, İsrail Yəhya Sinvarı 2023-cü il oktyabrın 7-də başlayan hücuma görə məsuliyyət daşıdığını düşünür. Dekabr ayında İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik qüvvələrinə Yəhya Sinvar da daxil olmaqla HƏMAS liderlərini məhv etməyi tapşırıb.
Sinvar 1962-ci ildə Misirin idarə etdiyi Qəzzadakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. O, Qəzza İslam Universitetində ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
O, 1989-cu ildə iki İsrail əsgərinin öldürülməsini təşkil etdiyinə görə həbs edilib. 2011-ci ildə məhbus mübadiləsi zamanı azadlığa buraxılıb.
2015-ci ildə ABŞ Yəhya Sinvarı beynəlxalq terrorçular siyahısına daxil edib. Sinvar HƏMAS-ın təhlükəsizlik aparatının həmtəsisçilərindən biridir.