Rusiya prezidenti Vladimir Putin sabah öz işinə başlayacaq BRİKS sammitinə qatılacaq bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək.
Modern.az xəbər verkir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Putin oktyabrın 22-24-də Kazanda Rusiyanın sədrliyi dövründə “Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” devizi altında keçiriləcək XVI BRİKS sammitində iştirak edəcək.
“Rusiya Federasiyasının prezidenti sammitdə iştirak edən demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Tədbirdə azı 26 dövlətin başçısı da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.
Tatarıstanın paytaxtına gəlməyə razılıq verən liderlər sırasında Hindistanın baş naziri Narendra Modi, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa, Çin Xalq Respublikasının sədri Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Laos prezidenti Thonglun Sisulit, İran prezidenti Məsud Pezeçkian, Ermənistanın baş naziri Nikol Paşinyan və başqaları var.