BRICS-ə üzv ölkələrin liderləri 22-24 oktyabrda Kazanda keçirilən XV sammitdə hələlik yeni üzvlərin assosiasiyaya qəbul edilməməsi, bəzi ölkələrə qurumun tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul ediblər.
Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
“BRİKS dövlətlərinin liderləri Kazanda keçirilən toplantıda 30-35 ölkənin assosiasiyaya qoşulmaq istəyinə cavab olaraq qərara gəliblər ki, hələlik qrupa yeni üzvlər qəbul edilməyəcək, bəzi ölkələr isə BRICS-ə tərəfdaş kimi qoşulacaqlar. ", - deyə nazir İRNA agentliyinə bildirib.
A.Araqçi qeyd edib ki, Kazanda keçirilən sammitdə BRICS ölkələri tərəfdaş statusu almaq üçün dövlətin hansı meyarlara cavab verdiyi ilə bağlı müddəa hazırlayıb. İranlı diplomat vurğulayıb ki, ölkənin assosiasiyaya qəbul olunması üçün onun bütün iştirakçıları arasında konsensus lazımdır.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun əvvəllər izah etdiyi kimi, 30-dan çox ölkə BRICS-ə qoşulmaq üçün müraciət edib və gələcəkdə assosiasiyanın genişləndirilməsi Kazan sammitində müəyyən edilmiş tərəfdaş dövlət üçün meyarlar süzgəcindən keçərək baş verəcək.
İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə BRIC qrupunu yaradıblar. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı BRICS olub.
2024-cü il yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRICS-ə qoşulub.