Gürcüstanda parlament seçkiləri keçirilir. Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası saat 17:00-a qədər seçici fəallığının 50,06% təşkil etdiyini açıqlayıb.
Seçkilər gərgin mühitdə keçirilir. Gürcüstan mətbuatı Tbilisidə bəzi seçki məntəqələri qarşısında davaların görüntülərini yayıb. Lakin davaya qarışan qrupun kimlər olduğu açıqlanmayıb. Yaralıların olduğu bildirilir.
Hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri ilə müxalifət arasında ölkənin bir neçə bölgəsində qarşıdurma yaşanıb.
İqtidar və müxalifət bir-birini Tbilisi və Marneuli seçki məntəqələrində kütləvi qarşıdurma təşkil etməkdə ittiham edir. Hakim partiyanın deputatları bildirir ki, müxalifət nümayəndələri seçicilərə təzyiq göstərir, onları söyür, təhqir edir, təxribatlar törədiblər.
"Gürcü arzusu"nun icraçı katibi Mamuka Mdinaradze bildirib ki, bir qrup insan Tbilisinin müxtəlif rayonlarını gəzərək dava salır: "Son saat yarımdır ki, 30 nəfərlik qrup, bəlkə də bir az da çox İsani ətrafında dolaşır. Onlar orada kiminlə görüşməsindən asılı olmayaraq, orada olan insanlarla fiziki olaraq təzyiq edirlər".
Müxalifət də Tiblisi və Marneulidə hakim partiya üzvlərinin təzyiqlər göstərdiyini bildirib. Məlumata görə, Kızılaylodakı seçki məntəqəsinin ərazisində bibər qazından istifadə edilib
Öz növbəsində Gürcüstan prezidenti Salome Zurabişvili Daxili İşlər Nazirliyini hadisələrə reaksiya verməyə çağırıb. "Polis zorakılıq törədən "qoca oğlanlar" və narkoman qruplarını seçki məntəqələrindən çıxarmalıdır. Sizə daha çox cavab vermək və vaxtında cavab vermək tapşırılıb!", - o qeyd edib.
Hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze bütün partiyaları parlament seçkilərinin dinc şəraitdə keçirilməsinə şərait yaratmağa çağırıb və qeyd edib ki, istənilən qanun pozuntusuna qanun çərçivəsində cavab veriləcək.
Bundan başqa Gürcüstan KİV-i bildirir ki, Poti bələdiyyəsinin 15-ci seçki məntəqəsində qeydiyyatçı dünyasını dəyişib. Onun səhhətində problemlər olduğu bildirilib.
Qeyd edək ki, seçki saat 20:00-da başa çatacaq.