Fransa əsarət altında saxladığı xalqları əzməkdə, bu ölkənin ülmü altında olan ərazilərdən biri də Martinikadır. Son illər Makron hakimiyyəti tərəfindən Martinikaya qarşı amansız siyasət həyata keçirilir. Bir neçə gün əvvəl bu ərazidə yaşayış xərclərinin artmasına qarşı etirazlara rəhbərlik edən Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petito həbsindən sonra iğtişaşlar baş verib.
Rodriqe Petito Martinikada səfərdə olan Fransanın dənizaşırı işlər üzrə naziri Fransua-Noel Buffe ilə görüşmək istədiyi zaman polis rəisi ilə mübahisə etdiyi üçün həbs edilib, lakin etirazlardan sonra ev dustaqlığına buraxılıb. Onun mühakimə ediləcəyi gözlənilir.
Fransa zorakı və özbaşına metodlardan istifadə etməkdə davam edir, eyni zamanda, Martinika xalqının toplaşmaq və ifadə azadlığını məhdudlaşdırır. İnsanların hətta görüş tələb etdiyi üçün saxta ittihamlarla həbs edilməsi bu müstəmləkəçilik siyasətinin hansı həddə olduğunu göstərir.
Fransa ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır. Dənizaşırı ərazilərdəki xalqlar haqlı olaraq öz azadlıqlarını tələb edirlər. Çünki bu ərazilərin Fransaya heç bir aidiyyəti, bağlılığı yoxdur. Sadəcə öz işğalçılıq, kolonial xislətindən əl çəkə bilməyən Paris vaxtilə yaranmış fürsətdən istifadə edərək əraziləri özünün müstəmləkəsinə çevirib. İllərdir onların təbii sərvətlərini, resurslarını tar-mar edən Fransa, indi bu əraziləri heç cür əlindən vermək istəmir.
Qeyd edək ki, sentyabr ayından başlayaraq Martinikada yaşayış həddən artıq bahalaşıb, ərzaq qiymətləri Fransa ilə müqayisədə 40 faiz bahalaşıb. Fransa hökuməti problemi həll etmək əvəzinə, öz ənənəsinə sadiq qalaraq adaya qoşun yeritmişdi. Belə ki, polisin xüsusi təyinatlıları "CRS 8"in (Səkkizinci Respublika Təhlükəsizlik Bölüyü) nümayişlərin keçirildiyi Martinik adasına etirazların yatırılması üçün göndərmişdi. 2021-ci ildə yaradılan "CRS 8" bölüyü nümayişlərin yatırılması üzrə ixtisaslaşıb. Fransa Martinika xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin 1(2)-ci maddəsini pozur. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinika xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir.
2003-cü il referendumunun nəticələrinin saxtalaşdırılması ona gətirir ki, Fransanın ərazidə qeyri qanuni fəaliyyəti daha da gücləndirilir. 2010-cu il referendumunun da nəticələr saxtalaşdırılır və Fransa Martinika xalqının iradəsinə zidd addımlar atır və onların hüquqlarını daha da məhdudlaşdırır. Yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayırlar.
Fransanın Martinikdada keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur. Yerli əhali referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini qeyd edirlər.
Azərbaycan Fransanın bu siyasətini daim gündəmə gətirir. Bakının ev sahibliyi etdiyi COP29 günlərində mövzu bir daha diqqətdə olub.
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən Prezident İlham Əliyev bildirib ki, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sent-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.
“1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb. 1700 insan həbs edilib. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”, - Prezident İlham Əliyev bəyan edib.
Təəssüf ki, bu gün Azərbaycan istisna olmaqla, digər dövlətlər, beynəlxalq təşkilatlar bu məsələdə qətiyyət sərgiləyə bilmirlər. Nəticədə isə Fransa bu xalqları daha çox əzir, sərvətlərini talayır, müstəmləkəçilik siyasətini davam etdirir.