Modern.az

Anklavlar məsələsi danışıqlar masasındadır - Paşinyan nala-mıxa vurdu

Anklavlar məsələsi danışıqlar masasındadır - Paşinyan nala-mıxa vurdu

Dünya

31 Yanvar 2025, 17:33

“Ermənistan tərəfi Azərbaycanla danışıqlarda anklavlar məsələsindən imtina edə bilməz”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

“Desəm ki, heç bir anklav gündəmi yoxdur, bu, Ermənistan Respublikasında cinayət məsuliyyəti üçün əsasdır, çünki Ermənistan Respublikası Artsvaşen (Başkənd-red.) kimi əraziyə malikdir, biz ondan imtina edə bilmərik”, - deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanı qaldırıb-qaldırmamasından asılı olmayaraq, Ermənistan tərəfi bu məsələ barədə danışacaq:

“Biz bu məsələni qaldırmaya bilmərik. Bu mövzu istər-istəməz müzakirələrimizin obyektinə çevriləcək və hər birimiz öz arqumentlərimizi ortaya qoyacağıq. Yəni nəzəri olaraq Azərbaycanın heç bir şəkildə bu məsələyə qarışmamasını istəsək, bədəli ondan ibarət olacaq ki, biz bu məsələni gündəmdən çıxaraq. Bəs bu məsələni kim və necə aradan qaldıra bilər?” deyən baş nazir anklavlar məsələsinin danışıqlar masasında olduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, ermənilərin Artsvaşen adlandırdığı Başkənd yaşayış məntəqəsi Sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilsə və onun xəritəsinə daxil edilsə də, bura tarixi Azərbaycan torpağıdır. Ərazisi 40 kv.km olan Başkənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənistan hökuməti qəsəbənin adını 1978-ci ildə "Arsvaşen" olaraq dəyişdirmişdi.

Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.

Xatırladaq ki, hazırda Azərbaycanın işğalda 4 kənd qalır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Onlar hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.
 
Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.

Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.
Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi