ABŞ-nin vitse-prezidenti J.D.Vens bildirib ki, prezident Vladimir Putin müharibəni dayandırmağa razı olmasa və sülh danışıqlarını pozarsa, Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və Amerika qoşunlarını Ukraynaya göndərəcək.
Modern.az xəbər verir ki, J.D.Vens “Wall Street Journal” qəzetinə müsahibəsində deyib: “İqtisadi təzyiq rıçaqları var və təbii ki, hərbi təzyiq rıçaqları həmçinin".
O bildirib ki, prezident Donald Tramp administrasiyası Putini Rusiyanın döyüş meydanında deyil, danışıqlar masası arxasında daha çox şeyə nail ola biləcəyinə inandırmağa çalışacaq. Vitse-prezident qeyd edib ki, Ukrayna üzrə razılaşma uğurlu olarsa, ABŞ Rusiya ilə münasibətləri bərpa edə bilər, çünki Moskvanın hazırda Qərb ölkələrindən təcrid olunması onu Pekinin kiçik tərəfdaşına çevirir.
"Çin ilə koalisiyada kiçik qardaş olmaq Putinin maraqlarına uyğun deyil".
Eyni zamanda vitse-prezident Rusiya və Ukrayna arasında sülh sazişinin mümkün parametrləri barədə danışmaqdan imtina edib. Onun sözlərinə görə, işğal olunmuş Ukrayna ərazisinin hansı hissəsinin Rusiyanın nəzarətində qalacağı və Kiyevin ABŞ və digər Qərb müttəfiqlərindən hansı təhlükəsizlik zəmanəti alacağı hələ də bəlli deyil.
"İstənilən sayda formalar, konfiqurasiyalar var, lakin biz Ukraynanın suveren və müstəqil qalmasına çalışırq", - Vens deyib.
Onun sözlərinə görə, Tramp Ukrayna iləbağlı istənilən variantı müzakirə etməyə hazırdır, lakin danışıqlar zamanı müəyyən məsələlərlə bağlı fikrini dəyişə bilər.
"Düşünürəm ki, bu danışıqlardan bir çox insanı şoka salacaq bir razılaşma çıxacaq", - ABŞ vitse-prezidenti xəbərdarlıq edib.