Xəzər dənizinin Qazaxıstan sahillərində çimərliklərdən birində dəniz suyunun qırmızı rəngə boyandığı barədə görüntülər yayılıb.
Modern.az xəbər verir ki, Aktau şəhəri sahillərində qeydə alınan görüntülər Qazaxıstan mediasında paylaşılıb.
Yerli KİV-lər yazır ki, sakinlər baş verənlərdən narahat olduqlarını bildiriblər və kömək üçün ekoloqlara müraciət ediblər.
Mangistau vilayətinin Ekologiya Departamenti bunun təbii bir hadisə olduğunu bildirib.
Aktaudan olan ekoloq Kirill Osinin sözlərinə görə, bu hadisə hər il qışda, çiçəklənməyə başlayan yosunların aktiv böyüməsi zamanı təkrarlanır.
"Xüsusilə qar yağanda qırmızı rəng qorxulu görünə bilər. Əslində bunlar qəhvəyi yosunlardır", - o qeyd edib.
Ekologiya Departamentinin mütəxəssisləri dəniz suyundan nümunələr götürərək kimyəvi maddələrin və neft məhsullarının olub-olmadığını yoxlayıblar.
"Təhlillərin nəticələri göstərdi ki, heç bir çirkləndirici aşkar edilməyib. Hər şey normaldır. Yosunlar suya tünd qəhvəyi, qırmızı rəng verir. Qar yağmağa başlayıb və fenomen özünü daha qabarıq şəkildə göstərib", - rəsmi açıqlamada bildirilir.