Modern.az

Dövlət Departamenti İstanbuldakı ABŞ-Rusiya görüşünü ŞƏRH ETDİ

Dövlət Departamenti İstanbuldakı ABŞ-Rusiya görüşünü ŞƏRH ETDİ

28 Fevral 2025, 12:32

İstanbulda keçirlən dünənki danışıqlar zamanı Rusiya və ABŞ nümayəndə heyətləri diplomatik missiyaların işini sabitləşdirmək üçün ilk addımları müəyyən ediblər.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilib.

Dövlət Departamentinin bəyanatında deyilir: "Birləşmiş Ştatlar bank və müqavilə xidmətlərinə çıxış imkanları, habelə ABŞ-ın Moskvadakı səfirliyinin sabit heyətinin təmin edilməsi zərurəti ilə bağlı narahatlıqlarını ifadə edib".

“Konstruktiv müzakirələr yolu ilə hər iki tərəf bu sahələrdə ikitərəfli missiyaların sabitləşdirilməsi üçün konkret ilkin addımları müəyyən edib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ABŞ və Rusiya nümayəndə heyətləri fevralın 27-də İstanbulda bir araya gəlib. Amerika komandasına dövlət katibinin köməkçisinin müavini Sonata Koulter, rus komandasına isə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru, Rusiyanın Vaşinqtondakı səfiri postuna namizəd hesab edilən Aleksandr Darçiyev rəhbərlik edib.

Dövlət Departamentindən bildiriblər ki, Koulter və Darçiyev yaxın vaxtlarda bu məsələlərlə bağlı daha bir görüşün keçirilməsi barədə razılığa gəliblər, tarix və yer hələ müəyyən edilməyib.

Danışıqlar altı saat yarım davam edib. Görüş İstanbulun Arnavutköy rayonunda, ABŞ baş konsulunun iqamətgahında baş tutub.

Bundan əvvəl Kreml İstanbuldakı görüşün nəticələrinin “bu və ya digər şəkildə təqdim ediləcəyini” açıqlamışdı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, danışıqlar “ekspertlər səviyyəsində” aparılıb və onların məqsədi tərəfləri “ortaya çıxan fikir ayrılıqlarının aradan qaldırılmasına” və “etimad tədbirlərinin gücləndirilməsinə” yaxınlaşdırmaq olub.

Xarici işlər naziri Sergey Lavrov İstanbuldakı görüşün mövzusunu “Moskva və Vaşinqtondakı səfirliklərin işi” adlandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI