Martın 29-da Myanmada 7.7 bal gücündə dağıdıcı zəlzələ baş verib.
Modern.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, yeraltı təkanların buraxdığı enerji 334 atom bombasının partlayışına bərabərdir.
ABŞ Geoloji Xidməti ölənlərin sayının 10 mindən çox ola biləcəyini proqnozlaşdırır. Zəlzələdən sonra bölgədə bir neçə güclü afterşok qeydə alınıb və onların aylarla davam edə biləcəyi bildirilir.
Zəlzələnin fəsadlarını aradan qaldırmaq çətinləşir, çünki Myanma uzun illərdir ki, vətəndaş müharibəsi şəraitindədir. Dağıntıların miqyasını qiymətləndirmək və zərərçəkənlərə yardım göstərmək çətinləşib. Rabitə və infrastrukturun çökməsi nəticəsində xilasetmə işləri ləngiyir.
Əhalinin böyük hissəsi sığınacaqlara köçmək məcburiyyətində qalıb. Beynəlxalq humanitar təşkilatlar bölgəyə yardım göndərməyə çalışır. Myanma hökuməti isə beynəlxalq ictimaiyyətdən daha çox dəstək tələb edir.