Dünyanın ən zəngin 500 adamının sərvəti cəmi bir gündə 208 milyard dollar azalıb.
Modern.az xəbər verir ki, bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) reytinqi və Bloomberg agentliyinin məlumatları sübut edir.
Milyarderlərin ziyana düşməsində səbəb ABŞ prezidenti Donald Trampın bir sıra ölkələrə idxal rüsumlarının tətbiqi ilə bağlı fərman imzalaması olub. Sözügedən fərman dünya bazarlarında iflas yaradıb.
Bloomberg aydınlaşdırıb ki, bu azalma reytinqin bütün 13 illik tarixində milyarderlərin ümumi sərvətində dördüncü ən böyük bir günlük azalma və COVID-19 pandemiyasından sonra ən ciddi azalma olub.
Ən çox zərər çəkən şirkətinin səhmlərinin 8,96% ucuzlaşmasından sonra 17,9 milyard dollar və ya sərvətinin təxminən 9%-ni itirən Meta-nın yaradıcısı Mark Zukerberq olub.
Amazon-un qurucusu Ceff Bezosun sərvəti 15,9 milyard dollar azalıb. Amazon səhmləri təxminən 9% ucuzlaşıb, bu, 2022-ci ilin aprelindən bəri ən böyük enişdir.
Tesla və SpaceX şirkətlərinin sahibi olan İlon Mask Tesla səhmlərinin 5,47% ucuzlaşması nəticəsində 11 milyard dollar itirib.
Bir gün əvvəl prezident Tramp “qarşılıqlı” idxal rüsumlarının tətbiqi ilə bağlı farman imzalayıb.
Fərmanda gömrük rüsumlarının baza dərəcəsi 10% göstərilsə də, əksər ölkələr üçün daha yüksək dərəcələr tətbiq olunub. ABŞ Ticarət Nümayəndəliyi Ofisinin izah etdiyi kimi, rüsumların ölçüsü ABŞ-ın müəyyən bir ölkə ilə ticarət kəsiri əsasında - ticarət balansına nail olmaq məqsədi ilə hesablanıb.