Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı 66 gündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Modern.az-ın məlumatına görə, səhhəti ilə əlaqədar müalicədən sonra MHP lideri partiyanın qurucusu Alparslan Türkeşin məzarını ziyarət edib.
Təxminən 10 dəqiqəlik səssiz ziyarət zamanı onun yanında olan şəxslərin siyasətçiyə zaman-zaman fiziki dəstək verdiyi müşahidə olunub. Videolarda Bağçalının yavaş-yavaş yeridiyi və ayaqda dayanarkən ehtiyatla hərəkət etdiyi görünür.
Məzar ziyarətindən sonra Bağçalı MHP-nin Ankara şəhərindəki mərkəzi ofisinə yollanıb. Burada onu izdihamla qarşılayan partiya üzvləri avtomobilinə gül səpiblər.
Qeyd edək ki, fevralın 4-də Bağçalı Anadolu Sağlamlıq Mərkəzində ürək qapağı əməliyyatı keçirib. Bu əməliyyat 10 il əvvəl dəyişdirilmiş süni ürək qapağının degenerasiyası səbəbilə həyata keçirilib. MHP-nin rəsmi açıqlamasına əsasən, əməliyyat uğurla başa çatıb və partiya liderinin səhhəti yaxşıdır.