Bu gün Mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələ İstanbul və ətraf ərazilərdə narahatlıq yaradıb.
Modern.az xəbər verir ki, bu sarsıntının gözlənilən böyük İstanbul zəlzələsi olub-olmadığı və bölgədəki fay xətlərinə təsiri ilə bağlı ekspertlər arasında fikir ayrılığı yaranıb.
Məşhur professor Naci Görür yeraltı təkanların Mərmərdə gözlənilən böyük zəlzələ olmadığını, əksinə fay xəttində gərginliyin daha da artmasına səbəb olduğunu bildirib. O, əsas zəlzələnin 7 baldan yüksək gücdə olacağını deyib. Professor zəlzələnin Kumburqaz fay zonasını əhatə etdiyini qeyd edib.
Professor Okan Tüysüz isə 6,2 maqnitudalə zəlzələnin böyük zəlzələnin xəbərçisi ola biləcəyini deyərək bunun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, 1999-cu ildən bu yana bu ərazidə güclü zəlzələ gözlənilir və bu cür sarsıntılar fayın gərginlik yığdığını göstərir.
Ekspertlər bildirirlər ki, 7 bal gücündəki zəlzələnin enerjisini tam boşaltmaq üçün təxminən 30 ədəd 6 bal gücündə zəlzələ baş verməlidir. Buna görə aprelin 23-də baş verən zəlzələ böyük təkanların qarşısını almaq üçün kifayət etmir.
Bəzi mütəxəssislər, o cümlədən Geofizika Mühəndisləri Birliyinin nümayəndəsi Burak Çatlıoğlu isə bu zəlzələnin gözlənilən İstanbul zəlzələsi ola biləcəyini düşünür. O, bölgənin 1999 və 1912-ci illərdə baş verən zəlzələlərlə şərq və qərb hissələrinin artıq qırıldığını, son sarsıntı ilə qalan hissənin də qırıldığını bildirib.
Qara Dəniz Texniki Universitetinin professoru Osman Bektaş isə bu fayın “sürüşərək enerji sərf etdiyi” üçün daha böyük zəlzələ gözləmədiyini deyib.
Gazi Universitetindən professor Süleyman Pampal və digər mütəxəssislər zəlzələnin dəqiq nəticələri üçün dəniz altı fay qırılmalarının araşdırılmasının vacib olduğunu vurğulayıblar.
Hazırda İstanbul əhalisi təlaş içindədir, insanlar küçələrdə gözləyir. Rəsmi qurumlar isə təkanların davam edə biləcəyi və riskin tam keçmədiyi barədə xəbərdarlıq edirlər.
Zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.