Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin mayda atəşkəs elan etməsinə münasibət bildirib.
Modern.az bildirir ki, Zelenskinin fikrincə, Putinin atəşkəs qərarı növbəti manipulyasiya cəhdidir.
“Niyə hamı mayın 8-nə qədər gözləsin və yalnız bundan sonra atəşi dayandırsın?" - deyən prezident vurğulayıb ki, Ukrayna paradlara deyil, insanların həyatına dəyər verir.
Zelenski, Rusyanı ən azı 30 gün ərzində “dərhal, tam və qeyd-şərtsiz atəşkəsə” çağırıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib. Bu barədə Kreml məlumat yayıb. Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə, saat 00:00-dan mayın 10-dan 11-nə keçən gecə saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq.
"Rusiya tərəfi ilkin şərtlər olmadan sülh danışıqlarına hazır olduğunu bəyan edir. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu nümunəni izləməlidir", - Rusiya Prezidentinin bəyanatında bildirilib. Həmçinin qeyd olunub ki, əgər atəşkəs pozularsa, Rusiya ordusu adekvat və effektiv cavab verəcək.