ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövrünün ilk 100 gününü tamamlayıb.
Modern.az xəbər verir ki, o, ilk 100 günü “ölkə tarixində ən uğurlu dövr” adlandırıb.
Miçiqan ştatında keçirilən mitinqdə çıxış edən Tramp öz siyasətini başlıca nailiyyətlərindən biri kimi təqdim edib. “Biz hələ yenicə başlamışıq, siz hələ heç nə görməmisiniz”, - o deyib.
Tramp çıxışı zamanı xarici siyasətə az toxunsa da, Ukrayna münaqişəsi məsələsi ilə bağlı ABC telekanalına verdiyi gecəyarısı müsahibəsində danışıh.
ABŞ mediası prezidentin ilk 100 gününü aktiv şəkildə təhlil edib və bu barədə redaksiya məqalələri dərc ediblər.
"The New York Times" qəzeti Trampın siyasətini “şəxsi incikliklərin və improvizasiyaların qarışığı” kimi təsvir edir. Qəzet yazır ki, “yumşaq güc” siyasəti yerini sərt addımlara – miqrasiya sərəncamlarından tutmuş iqtisadi təzyiqlərə qədər – verib. Nəşr bildirir ki, Trampın əsas hədəfi intiqamdır: 6 yanvar hadisələri ilə əlaqəli prokurorlar işdən çıxarılır, keçmiş məmurlara və hüquqşünaslara qarşı yoxlamalar aparılır.
CNN Tramp administrasiyasının cəmi 100 gün ərzində beynəlxalq status-kvonu ciddi dəyişdirdiyini vurğulayır. ABŞ-ın müttəfiqləri narahatdır, maliyyə bazarlarında isə qeyri-sabitlik müşahidə olunur. Analitiklər Trampın “güclü olan həmişə haqlıdır” prinsipinə əsaslanan siyasətinin uzunmüddətli mənfi nəticələr doğuracağını düşünürlər.
"National Review" isə Trampın davranışlarını gözlənilən və təxmin edilə bilən hesab edir. Məqalədə qeyd olunur ki, administrasiyada növbəti aylarda da real uğurlar, səs-küylü qalmaqallar və prezidentin şəxsi addımlarından doğan səhvlər bir-birini əvəzləyəcək. Nəşr iqtisadi göstəricilər pisləşərsə, Trampın populyarlığının da tədricən enəcəyini proqnozlaşdırır.
Digər tərəfdən, "Washington Examiner" Trampın 100 gününü “siyasi tornado” adlandırır. Qəzet yazır ki, Tramp bu müddətdə verdiyi vədlərin əksəriyyətini yerinə yetirib. Onun tərəfdarları sevinclidirlər, müxaliflər isə çaşqın vəziyyətdədir. Lakin, ticarət rüsumları və iqtisadi artımla bağlı narahatlıqlar fonunda, prezidentin seçiciləri arasında da skeptik yanaşmalar yaranmağa başlayıb.