Moskva Qərb rəsmilərinin hədələrinə baxmayaraq, Paşinyanın II Dünya Müharibəsindəki Qələbənin 80 illiyi ilə bağlı Mokkava paradında şəxsi iştirakını yüksək qiymətləndirir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüşü zamanı deyib.
"Biz təhlükəsizlik sahəsini alyansımızın ən mühüm ölçülərindən biri hesab etməyə davam edirik. Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni etməyə hazırıq", - Rusiya XİN rəhbəri bildirib.
Lavrov qeyd edib ki, bu il Rusiya bazasının yerləşdirilməsinə dair sazişin imzalanmasının 30 illiyi, eləcə də Rusiya-Ermənistan Humanitar Mərkəzinin açılmasının 10 ili tamam olur. O, həmçinin əlavə edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində erməni həmkarları ilə birgə xidmətini davam etdirirlər.
O, Moskvanın İrəvanla Bakı arasında münasibətlərin tam nizamlanmasında maraqlı olduğunu vurğulayıb.
Lavrovun sözlərinə görə, MDB platformasında əməkdaşlığın artırılması da aktual görünür.
“Müxtəlif inteqrasiya strukturlarından danışarkən, biz Ermənistanın həm ŞƏT çərçivəsində, həm də BRICS himayəsi altında perspektivli proseslərə fəal qoşulmasında maraqlıyıq”, - deyə o, yekunlaşdırıb.