İranda ictimai asayiş, sağlamlıq və təhlükəsizlik səbəbi ilə bir sıra şəhərlərdə küçədə it gəzdirmək qadağan edilib.
Modern.az xəbər verir ki, qadağa ilk dəfə 2019-cu ildə paytaxt Tehranda tətbiq edilib, indi isə ən azı 18 şəhəri əhatə edib.
Yeni qaydalara əsasən, itlərin nəqliyyat vasitələrində daşınması da qadağandır. İnqilabdan (1979) sonra İranda it saxlamaq birmənalı qarşılanmır və qərb mədəniyyətinin təsiri kimi qiymətləndirilir. Bununla belə, xüsusilə gənclər arasında ev heyvanı saxlamaq getdikcə daha populyarlaşır və bəzi hallarda bu hərəkət hökumətin məhdudiyyətlərinə qarşı etiraz forması kimi dəyərləndirilir.
Qanunu pozan şəxslərə qarşı hüquqi tədbirlərin görüləcəyi bildirilir.
Həmədan şəhərinin prokuroru it gəzdirməyin "ictimai sağlamlıq və rahatlıq üçün təhlükə" olduğunu bildirib. İt sahibləri isə polisin müdaxiləsindən yayınmaq üçün heyvanlarını gecələr və ya tənha ərazilərdə gəzdirməyə üstünlük verirlər.