Türkiyənin DEM Partiyasından olan deputat Ömer Faruk Gergerlioğlu növbəti dəfə Azərbaycanın ünvanına əsassız və təxribat xarakterli ittihamlarla çıxış edib.
İndiyədək İsraillə olan qarşılıqlı maraqlara əsaslanan münasibətlərimizə görə dəfələrlə qarayaxmaya cəhd edən Gergerlioğlu bu dəfə tamamilə aidiyyəti olmayan bir hadisəni - “Madeline” gəmisinin Qəzza sahilinə buraxılmamasını bəhanə edərək Azərbaycanı günahlandırmağa cəhd göstərib.
Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf partiyasından olan üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Ömer Faruk Gergerlioğlunun fikirlərinə önəm vermirlər:
“Biz bunları saymırıq. Türkiyədə belə adamlar var. Bizim üçün vacib olan Türkiyə-Azərbaycan qardaşlığıdır. Təəssüf ki, bəzən belə acıdil adamlar çıxır. Ona parlamentdə də, Xarici İşlər Nazirliyi tərəfindən dəlazımi cavablar verilib. 3 may 2024-cü ildən Türkiyə İsraillə ticarət əlaqələri kəsilib. Bu adamlar rəsmi sənədlərə inanmırlar. Biz ona fikir vermirirk. Doğruları hər yerdə dilə gətiririk. Bizim üzərimizdən Azərbaycanı ittiham edir. Siz Azərbaycan neftini İsrailə satırsınız deyirlər. Azərbaycanla birlikdə Türkiyəni də ittiham edir. Ona görə biz onun sözlərinə heç fikir vermirik. Lazımi platformalarda cavablarını veririk, yenə də verəcəyik”.
Ş.Ayrım vurğulayıb ki, belə adamların çıxışları Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə bilməz:
“O, doğrulara inanmır, özünün də ortaya qoyduğu bir şey yoxdur. Birilərinə xidmət etməyə çalışır. “Sülh həlli”nin müzakirə edildiyi, prosesin müsbət həll olunmasına bir addım qaldığı bir dövrdə qarşı tərəfin dəyirmanına su tökür. Ermənistanla Azərbaycan sülh danışıqlarında bir nöqtəyə gəliblər. Ermənistan konstitusiyası və Minsk qrupunun ləğv edilməsi illə bağlı prosesləri hamımız izləyirik. Belə bir vaxtda cəfəng işlərlə məşğuldur. Biz bunların hamısının fərqindəyik, izləyirik. Bunu yaxşı bilin ki, belə səhv adamlar Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə bilməz".
TBMM-nin digər bir deputatı Yıldırım Tuğrul isə qeyd edib ki, Azərbaycan böyük dövlətdir, bu cür lazımsız adamları diqqətə almağa ehtiyac yoxdur.
"Müşahidələrim əsasında deyə bilərəm ki, bu şəxs türk düşmənliyi edilir. Bu şəxsi də tanıyırıq, ona görə də bu sürpriz olmadı. "İki dövlət, bir millət" sözü, görünür, onu narahat edib. Bunu öz aləmində "bombalamağa" çalışır. Ciddiyə alınacaq bir şey deyil. Türkiyə də, Azərbaycan da regionda stabilliyi təmin edən önəmli dövlətlərdir. Bunu da bütün çətinliklərə baxmayaraq bacara biliblər”.
Deputat qeyd edib ki, Fələstində baş verənlər İsrailin problemidir:
“Osmanlı vaxtilə İspaniyadakı yəhudiləri inkvizasiyadan xilas edib, öz torpaqlarına gətirib. Biz 500 il heç bir problem, savaş olmadan münasibətlərdə olmuşuq. İsrailin qurulmasından bu yana həmin əlaqələr bu əsasla gedib. İsrailin etdiyi hər şeyi bəyənmirik. Fələstində 50 min insanın, qadının, uşaqların öldürülməsini dünyada heç kəs xoş görə bilməz. Bunun müdafiə edilə biləcək tərəfi yoxdur. Amma bu İsrailin problemdir. Bu demək deyil ki, hər ölkə öz siyasətini müstəqil qurmayacaq. Azərbaycan bölgədə önəmli dövlətdir və öz siyasətini istədiyi kimi qurmaq azadlığına sahibdir. Etdiyi də doğrudur.
Burada işin təməli budur ki, türk düşmənliyini alovlandırmağa çalışırlar. Yəni məsələ Azərbaycan və onun siyasəti deyil. Türk dövlətləri bir araya gəlir. Bu da bəzi dairələri narahat edir. Bu şəxs də, yəqin ki, həmin dairələrin birinin ağzı ilə danışır. Avropada 30-dan çox ölkə bir araya gələrək Avropa Birliyi, bir çox dövlət NATO-da birləşib hərbi pakt qura bilir. Türkçə danışa bilən insanlar bir araya gəlib regional pakt, iqtisadi, mədəni işbirliyi quranda bunları niyə narahat edir? Maraqlı olan budur. Ona baxmaq lazımdır. Yoxsa o şəxsin iki-üç ucuz sözünə fikir vermək lazım deyil”.