Böyük Britaniyanın xarici kəşfiyyat xidməti olan MI6 ilk dəfə olaraq qadın rəhbər tərəfindən idarə ediləcək.
Modern.az xəbər verir ki, 1999-cu ildən xidmətin tərkibində çalışan Bleys Metreveli bu ilin sonunda Sir Riçard Murun yerinə MI6-in 18-ci rəhbəri olacaq.
Hazırda texnologiya və innovasiyalar üzrə direktor vəzifəsini tutan B.Metreveli təyinatı ilə bağlı qürur duyduğunu deyib. Böyük Britaniyanın Baş naziri Kir Starmer bu təyinatı “tarixi” adlandıraraq, kəşfiyyat xidmətlərinin işinin heç vaxt bu qədər əhəmiyyətli olmadığını vurğulayıb. 47 yaşlı Metreveli hazırda MI6-in “Q” adlanan texnologiya və innovasiya departamentinə rəhbərlik edir. Bu bölmə agentlərin kimliyini gizli saxlamaq və Çin kimi rəqib dövlətlərin biometrik nəzarət sistemlərindən yayınmaq üçün yeni üsulları inkişaf etdirir.
MI6 əsasən Britaniyanın xarici təhlükəsizliyi üçün informasiya toplayır və fəaliyyətini terrorizmin qarşısını almaq, düşmən dövlətlərin fəaliyyətini pozmaq, kibertəhlükəsizliyi gücləndirmək üzərində qurur.
Qeyd edək ki, Bleys Metreveli MI6-in 116 illik tarixində qurumun rəhbəri vəzifəsinə təyin olunan ilk qadındır.