İsrail-İran münaqişəsi regionda geosiyasi tarazılığı pozulmasına səbəb olub. Lakin regional təhlükəsizliyə yaranmış təhdid yalnız bu iki ölkə ilə məhdudlaşmır. Münaqişənin mümkün genişlənməsi və nüvə obyektlərinin hədəf alınması ətraf ölkələr, o cümlədən Azərbaycan üçün potensial radiasiya risklərini gündəmə gətirir.
Radiasiya Problemləri İnstutunun baş direktoru, professor İslam Mustafayev Modern.az-a bildirib ki, hazırki vəziyyətdə Azərbaycana ciddi radioaktiv təhlükə yoxdur. Onun sözlərinə görə, İranda ən böyük nüvə obyekti Buşəhrdə yerləşən atom elektrik stansiyasıdır:
“İsrailin atom elektrik stansiyasını vurma ehtimalı çox aşağıdır. Çünki bu obyekt Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qorunur. Belə bir hadisə olsa, regionda ciddi nəticələr meydana gələ bilər. Məsələn, Çernobıl nüvə fəlakətinin təsiri minlərlə kilometr uzağa çatmışdı”.
Professor həmçinin onu da qeyd edib ki, təsirlər insanlar üzərində də ola bilər:
“Məsələn, yaşayış şəraiti pisləşə bilər və ya insanların ərazilərini tərk etməyə məcbur olması mümkündür. Lakin belə bir vəziyyət real görünmür, çünki atom elektrik stansiyası bizdən 1000 km-dən uzaqdadır. Eləcə də, regionda uran zənginləşdirmə kombinatlarının olması faktı da mövcuddur. Bu kombinatlar atom reaktorları üçün yanacaq istehsal edir və eyni zamanda nüvə silahı, atom bombası üçün də istifadə oluna biləcək zənginləşdirilmiş uran hazırlayır. Hazırda bölgədə 17 belə uran zənginləşdirmə kombinatı mövcuddur”.
İ.Mustafayev vurğulayıb ki, belə obyektlərin dağıdılması mümkündür, məsələn, binası və idarəetmə ofisi hədəf alınaraq zərər verilə bilər. Ancaq bu obyektlərin çoxu yerin 80 metr dərinliyində yerləşir və həmin dərinlikdə əməliyyat aparmaq çox çətin və risklidir:
“Bizim bu obyektlərin dəqiq yerini bilmək imkanımız yoxdur. Amma əgər bu kombinatlar Azərbaycanın sərhədlərinə yaxın bir ərazidə yerləşirsə, məsələn, Təbriz, Ərdəbil və ya Xəzər sahilində, o zaman bu obyektlərə hər hansı bir zərbə vurularsa, bizə təsiri ola bilər. Xüsusilə Araz çayı bu əraziləri ayıran təbii sərhəd olduğu üçün, bu amil də nəzərə alınmalıdır. Lakin hazırkı şəraitdə bu barədə dəqiq bir fikir söyləmək çətindir", - deyə o söyləyib.
Aytac Bəhruzqızı