Modern.az

ABŞ da İrana hücum edəcək? - Vaşinqtonun qərarı GÖZLƏNİLİR

ABŞ da İrana hücum edəcək? - Vaşinqtonun qərarı GÖZLƏNİLİR

Dünya

18 İyun 2025, 13:16

İsrail-İran münaqişəsi altıncı gününə qədəm qoyub və regionda vəziyyət daha da gərginləşir.

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, hazırda Yaxın Şərqin gələcəyini dəyişəcək tarixi məqamdır. ABŞ Prezidenti Donald Tramp isə İranı “şərtsiz təslim olmağa” çağırıb.

ABŞ mətbuatı və yüksək səviyyəli mənbələrin məlumatına görə, Netanyahu yaxın günlərdə ABŞ-ın da birbaşa müharibəyə qoşulacağına ümid edir.

"Axios" portalı yazıb ki, Tramp İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirmək variantını “ciddi şəkildə nəzərdən keçirir”.

17 iyun axşamı Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik komandası ilə bağlı keçirilən təcili iclas bu ehtimalları daha da gücləndirib. Bir saatdan artıq davam edən müzakirələrdə hansı qərarların qəbul edildiyi açıqlanmayıb. CBS-in məlumatına görə, Vaşinqtonda bu məsələdə yekdil fikir yoxdur, ABŞ-ın birbaşa müharibəyə daxil olub-olmaması ilə bağlı tərəddüdlər qalır.

Donald Tramp isə öz bəyanatında bildirib ki, ABŞ İran səmasında tam üstünlük əldə edib və İslam Respublikasının ali liderinin harada gizləndiyini dəqiq bilirlər. Lakin Tramp “ən azı hələlik” onu hədəfə almaq niyyətində olmadıqlarını vurğulayıb. WSJ isə qeyd edib ki, Ağ Evdə keçirilən iclasda İsrailə dəstək məqsədilə İrana zərbə endirmək barədə qərar qəbul edilməyib.

İsrail mediasının məlumatına görə, İsraildə Trampın bəyanatları ciddi qəbul edilmir. Amerikanın hərbi təyyarələrinin və tankerlərinin bölgəyə yönəldiyi barədə şayiələr dolaşır. Qeyd edilir ki, İsrail tərəfi ABŞ-ın əsasən dərinlikdə yerləşən İran nüvə obyektlərinə qarşı dəstəyinə ümid edir.

Tehran isə ABŞ-ın artıq münaqişəyə dolayısı ilə qarışdığını düşünür. Trampın bəyanatlarına cavab olaraq İrandan İsrailə yeni raket hücumları həyata keçirilib. İran tərəfi ABŞ-ın da raketlərin qarşısını alma əməliyyatlarında iştirak etdiyini iddia edir.

"The New York Times" yazır ki, əgər ABŞ birbaşa hərbi əməliyyatlara başlasa, Tehran Hörmüz boğazını bağlamaq və Fars körfəzindəki ABŞ hərbi gəmilərinə zərbələr endirmək niyyətindədir. Nəşrin məlumatına görə, hazırda regionda 40 mindən çox Amerika hərbçisi yerləşdirilib və Pentaqon qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Əgər ABŞ hücuma keçsə, regionda gərginlik daha da alovlana bilər. Fransa prezidenti Emmanuel Makron artıq 18 iyunda fövqəladə təhlükəsizlik və müdafiə şurasının iclasını çağırıb. Rusiya isə İsrailin İranın dinc nüvə obyektlərinə hücumunu qanunsuz adlandırıb və vəziyyətin nüvə fəlakətinə gətirə biləcəyindən xəbərdarlıq edib.

İran televiziyaları “dünyanın əsrlərlə unudulmayacaq sürprizlə” üzləşəcəyini iddia edir. Bütün bu gedişat fonunda əsas sual açıq qalır: ABŞ doğrudan da İrana hücum edəcəkmi? Yaxın saat və günlər bu suala cavab verə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!