Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə səfərə hazırlaşır.
Modern.az-ın məlumatına görə, o, Ərdoğanın dəvəti ilə İstanbulda onunla görüşəcək.
Danışıqların gündəliyini açıqlanmayıb. Hər iki tərəf bildirir ki, səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. "Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz", - Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya Departamentinin rəhbəri Fahrettin Altun “X”dəki səhifəsində yazıb.
Səfər zamanı Paşinyana hansı protokolla qarşılanacağı məlum deyil. Lakin görüşün İstanbulda olması və “işgüzar səfər” çərçivəsində baş tutması digər dövlət və hökumət başçılarına tətbiq edilən protokol olmayacağını deməyə əsas verir.
Paşinyan Prezident İlham Əliyevin Türkiyəyə səfərindən bir gün sonra İstanbulda olacaq. Bu da Azərbaycanla Ermənistan arasında müzakirə edilən sülh sazişi layihəsi ilə bağlı danışıqların ola biləcəyini göstərir.
Qeyd edək ki, Ərdoğanla Paşinyan arasında birbaşa təmas 2022-ci ildə başlayıb. Praqada keçirilən Avropa Siyasi Birliyinin ilk sammitində siyasətçilər arasında görüş baş tutub. Danışıqlar zamanı münsibətlərin normallaşması müzakirə edilib.
Daha sonra iki lider Nyu-Yorkda yerləşən "TürkEvi"ndə münasibətlərin davam etdirilməsi və danışıqların gücləndirilməsi planı barədə danışıblar.
Paşinyan 2023-cü ildə Ərdoğanın andiçmə mərasimində də iştirak edib. Görüşlərdən əlavə onlar 2022-ci ildə və 2025-ci ildə telefon danışığı aparıblar.
Sabah baş tutacaq səfərdə həm regional sülh proseslərinə, həm də sərhədin açılmasına toxunulacağı ehtimal edilir.
Ermənistanın “24News” agentliyi isə diplomatik mənbəyə istinadən xəbər verib ki, Ərdoğan-Paşinyan görüşündə əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi gözlənilir.
Agentliyin məlumatına görə, Paşinyan Ərdoğana Erməni Apostol Kilsəsini özünə tabe olmağa və Rusiya bazasını Gümrüdən çıxarmağa söz verib. Yolların açılması ilə bağlı üçüncü məqamın da müzakirə mövzusu olduğu qeyd edilib.
“24News” diplomatik mənbəyə istinadən yazır ki, Nikol Paşinyan prezident Ərdoğanla Ermənistan-Azərbaycan sülh müqaviləsinin şərtlərini razılaşdırmaq üçün Türkiyəyə səfər edir.
Qeyd edilir ki, Paşinyan Ərdoğanla sülh müqaviləsinin imzalanacağı yer məsələsini müzakirə edəcək: birinci variant Vaşinqtondur (bu ilin sentyabrında), ikinci variant Birləşmiş Ərəb Əmirlikləridir (ehtimal ki, dekabrda).
Elnur Əmirov