Türkiyə ilə Ermənistan arasında hələ də rəsmi diplomatik münasibətlər mövcud deyil. İki ölkə arasında 1993-cü ildən bəri hava və quru sərhədləri bağlıdır, diplomatik əlaqələr indiyə qədər qurulmayıb. Buna səbəb isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub. Hazırda Qarabağ məsələsi həll olunsa da, Azərbaycanla Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb, bu istiqamətdə danışıqlar prosesi gedir.
Bir çox hallarda Türkiyə ilə Ermənistan arasında rəsmi diplomatik münasibətlərin qurulması Azərbaycandan asılıdır. Yəni Ermənistan Azərbaycanla sülh sazişi imzalamadan, anlaşmadan, Türkiyə ilə diplomatik əlaqələr qura bilməyəcək.
Lakin son illərdə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi aktiv şəkildə davam etdirilir.
2021-ci ilin dekabrında Ankara və İrəvan qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib. Türkiyəni sabiq səfir Serdar Kılıç, Ermənistanı isə parlament sədrinin müavini Ruben Rubinyan təmsil edir. Bu nümayəndələr 2022–2024-cü illər ərzində beş dəfə görüş keçiriblər. Görüşlər əsasən Vyana və Moskva şəhərlərində baş tutub.
Hazırda iki ölkə arasında diplomatik əlaqələr rəsmi səviyyədə qurulmasa da, səfirliklər fəaliyyət göstərməsə də, yük daşımaları və humanitar əməkdaşlıq sahəsində irəliləyişlər var. 2022-ci ildən etibarən qarşılıqlı hava yükdaşımaları bərpa edilib. 2023-cü ildə Kahramanmaraş zəlzələsindən sonra Ermənistan Türkiyəyə humanitar yardım göndərib, bu məqsədlə quru sərhədi qısa müddətlik açılıb.
Ən mühüm hadisələrdən biri də Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin 3 iyun tarixində keçirilən andiçməsinə qatılması olub. Bu Nikol Paşinyanın Baş nazir səviyyəsində ilk səfəri olub. Bununla yanaşı ötən gün Nikol Paşinyanın Türkiyəyə səfəri olub və o burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla məhdud tərkibdə görüşüb. Bu, Ermənistan rəhbərliyinin Türkiyəyə illər sonra etdiyi ilk yüksək səviyyəli rəsmi səfər kimi qiymətləndirilir.
Qeyd edək ki, normallaşma prosesi çərçivəsində vizasız rejim, diplomatik nümayəndəliklərin açılması və sərhədin tam bərpası məsələləri hazırda müzakirə mərhələsindədir. Hazırkı vəziyyətə əsasən, Ankara ilə İrəvan arasında münasibətlər rəsmi yox, lakin funksional dialoq səviyyəsində davam edir.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, hazırda iki ölkə arasında səfirliyin və baş konsulluğun açılması istiqamətində danışıqlar yoxdur:
“Belə məsələlər müzakirə edilmir. Amma yaxın vaxtda dediyim kimi, Azərbaycanın da məlumatı olmaqla belə addımlar atıla bilər. Hazırda sərhədləri, səfirliyi açmaqla bağlı danışıqlar aparılmır. Təbii ki, Ermənistan tərəfinin xüsusilə sərhədlərlə bağlı həssaslıqları var. Amma bunun üçün zamana ehtiyac var. Önümüzdəki günlər vacib günlərdir. İnşallah, yaxşı şeylər olacaq”.