ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində ABŞ-nin İran və İsrail arasında gedən hava müharibəsinə birbaşa müdaxilə edib-etməmək barədə qərar verəcək.
Modern.az-ın məlumatına görə, hazırda ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu ciddi şəkildə artırılır. Bölgədə bir çox ABŞ bazaları həm potensial hücumlar üçün istifadə oluna, həm də İran tərəfindən cavab zərbələrinin hədəfinə çevrilə bilər.
ABŞ rəsmilərinin bildirdiyinə görə, son günlərdə bəzi təyyarələr və gəmilər mümkün İran hücumlarından qorunmaq məqsədilə daha təhlükəsiz bazalara köçürülüb. Eyni zamanda, Qətərdəki ABŞ səfirliyi bölgədəki ən böyük ABŞ hərbi bazası olan Əl-Udeyd hava bazasına girişə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Qeyd edək ki, İran yaxınlığında ABŞ-nin bir çox hərbi bazaları mövcuddur. "Reuters"in hazırladığı aşağıdakı xəritədə bu bazaları görmək mümkündür.
Bundan başqa, ABŞ-nin bölgədə aşağıdakı hərbi obyektləri də mövcuddur:
"USS Nimitz": Yaxın Şərqə doğru hərəkət edir. Bu gəmidə 60-dan çox döyüş təyyarəsi yerləşdirilə bilər.
"USS Carl Vinson": Artıq bir müddətdir Ərəb dənizindədir və Husilərə qarşı əməliyyatları dəstəkləyir.
Diego Qarsiya (Çaqos adaları): Burada peyk görüntülərində B-52 bombardmançıları və digər döyüş təyyarələrinin yerləşdirildiyi müəyyən edilib.
Avropa bazaları: ABŞ bu həftənin əvvəlində Avropadakı bazalara 31-dən çox KC-135 və KC-46 yanacaq doldurma təyyarəsi göndərib.
Hazırda ABŞ, həmçinin Yaxın Şərqdə F-16, F-22 və F-35 tipli qırıcıların yerləşdirilməsini artırır və mövcud döyüş təyyarələrinin xidmət müddətini uzadır.
Ekspertlərin fikrincə, İsrailin İranın nüvə obyektlərinə qarşı apardığı hava kampaniyasında ABŞ-niniştirakı olmadan dərin yeraltı obyektləri tam məhv etmək çətin olacaq. Ən əsas hədəflərdən biri Fordo nüvə obyektidir, burada dağ altında 80-100 metr dərinlikdə yerləşir və ancaq ABŞ-ın "GBU-57 Massive Ordnance Penetrator" tipli super ağır bombaları ilə zərbə endirmək mümkündür.
Hazırda B-2 "Spirit" tipli strateji bombardmançıların bölgəyə göndərilməsi ehtimalı da gündəmdədir. Bu təyyarələr ABŞ ərazisindən birbaşa uçuş edərək regiondakı dərin yeraltı hədəfləri vura biləcək gücə malikdir.
Təhlükəsizlik üzrə eksperti Andreas Kriq qeyd edib ki, ABŞ-ın ən ağır bombaları belə İranın ən dərin obyektlərini tam məhv etməkdə çətinlik çəkə bilər və yerüstü xüsusi təyinatlı qüvvələrin iştirakı da tələb oluna bilər.
Hazırkı hərbi hazırlıqlar fonunda regionda gərginliyin daha da artması və qarşıdakı həftələrdə yeni mərhələyə keçməsi gözlənilir.
Modern Təhlil və Araşdırma Qrupu