İsrail-İran müharibəsinin 9-cu günündə ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin taleyi və gələcək siyasi ssenarilər Qərb dairələrinin və regional paytaxtların əsas müzakirə mövzusuna çevrilib.
Modern.az xəbər verir ki, Xamenei hazırda çox məxfi elit bölmənin qoruması altında xüsusi mühafizə olunan yeraltı bunkerdə yerləşdirilib.
Britaniyanın "The Daily Telegraph" nəşrinin mənbələrinin bildirdiyinə görə, o, komandirləri ilə yalnız etibarlı rabitə kanalları vasitəsilə əlaqə saxlayır və fiziki təhlükəsizliyi prioritet məsələyə çevrilib.
İsrailin baş naziri Benyamin Netanyahu açıq şəkildə Xameneinin öldürülməsinin istisna olunmadığını bəyan etdikdən sonra Tehranda və Qərb ölkələrində onun mümkün varisi ilə bağlı intensiv müzakirələr başlayıb. ABŞ və Avropa diplomatları "CBS News"a bildiriblər ki, İranın gələcək liderinin kim olacağı, ölkənin nüvə obyektlərinin taleyi və regionda yaranacaq yeni güc balansı ilə bağlı gizli danışıqlar gedir.
Maraqlısı odur ki, "New York Times" qəzetinin yazdığına görə, Xamenei özü də son günlər ali rəhbər vəzifəsinə üç namizədi müəyyən edib. Bu addım ölkənin müharibə şəraitində olduğu bir vaxtda hakimiyyətin sarsıntısız ötürülməsi və dini-ideoloji xəttin davamlılığını təmin etmək məqsədi daşıyır.
Seçilmiş şəxslərin adları açıqlanmır, lakin iddialara görə, söhbət yüksək səviyyəli ruhanilərdən gedir. Bundan əlavə, fövqəladə vəziyyətlərdə hərbi komandanlıqda da varislik planının hazır olduğu bildirilir.
Qərbdə isə ehtimallar çoxdur. İranın keçmiş prezidentlərindən Həsən Ruhaniyə yaxın dairələrdən tutmuş, Sistan-Bəlucistanın nüfuzlu dini liderlərinə qədər müxtəlif fiqurların adı hallanır.
Eyni zamanda, Xameneinin oğlu Müctəba Xameneinin də potensial varis ola biləcəyi istisna edilmir.
Qərb diplomatları Tehrandakı siyasi elitanın bu məsələdə yekdil qərar verməkdə çətinlik çəkdiyini bildirirlər.
Elnur Əmirov