İyunun23-ə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu edib.
Modern.az xəbər verir ki, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməyə başıayıb və hava hücumundan müdafiə sistemi işə düşüb.
Rusiya ordusu Ukraynaya zərbə dronları, həmçinin qanadlı və ballistik raketlərlə hücum edib.
Hava hücumunun əsas hədəfləri Kiyev şəhəri olub. Paytaxtda yaşayış və inzibati binalara çoxlu ziyan dəyib. Metronun “Svyatoşın” stansiyasının infrastrukturuna ziyan dəyib.
Kiyev şəhər meri Vitali Kliçko Teleqram səhifəsində məlumat yayıb ki, paytaxtın Şevçenko rayonunda dağılmış binada 5 nəfər həlak olub.
"Şəhərdə 19 zərərçəkən var. Onlardan 8-i şəhər xəstəxanalarındadır. Xilasedicilər qəzalı binada işləyir, həkimlər növbədədir", deyə şəhər meri qeyd edib.
Dağıntılar altında insanların olduğu güman edilir.