Modern.az

Xamaneinin varis planı İŞƏ DÜŞDÜ 

Xamaneinin varis planı İŞƏ DÜŞDÜ 

Dünya

23 İyun 2025, 20:12

İsrailin İrana hücumları və 86 yaşlı Ali Lider Ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı hədələrdən sonra Tehranda onun varisini müəyyənləşdirmək üzrə gizli müzakirələr intensivləşib.

Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" diplomatik mənbələrə istinadən xəbər verir.

Məlumata görə, Xameneinin iki il əvvəl özü tərəfindən təyin olunmuş üç nəfərlik komitə artıq varis məsələsində fəal hazırlıq mərhələsinə keçib.

Xamenei hazırda ailəsi ilə birlikdə xüsusi mühafizə bölməsinin qoruması altında gizli yerdə saxlanılır və proseslərdən daim məlumatlandırılır.

Əgər Xamenei hərbi toqquşma nəticəsində həyatını itirərsə, rəsmi Tehran dərhal yeni lider elan edərək ölkədə sabitlik və davamlılıq siqnalı verməyə çalışacaq.

İndiyə qədər aparılan müzakirələrdə iki əsas namizəd ön plana çıxıb: Xameneinin 56 yaşlı oğlu Müctəba Xameneiİran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni.

Müctəba Xamenei atasının sərt siyasi xəttini davam etdirən namizəd kimi tanınır. Həsən Xomeyni isə islahatçılarla yaxın münasibətləri və daha yumşaq, xarici dünyaya açıq mövqeyi ilə fərqlənir.

Mənbələr bildirir ki, mövcud hərbi vəziyyətdə daha “barışdırıcı” və daxili narazılıqları yumşalda biləcək liderə ehtiyac hiss olunur. Bu baxımdan Həsən Xomeyni bu günlərdə daha real namizədə çevrilib.

Bununla belə, Xamenei indiyə qədər oğlunun varis olmasına qarşı çıxıb və İranda monarxik idarəyə bənzər modelin yaranmasını istəmədiyini iddia edib.

Qeyd edək ki, İranın yeni ali lideri rəsmi olaraq 88 nəfərlik Ruhani Ekspertlər Məclisi tərəfindən seçilir.

Ekspertlər bildirirlər ki, Ali Liderin postuna namizədlər arasında əvvəllər ehtimal olunan digər şəxslər - sabiq prezidentlər Həşimi Rəfsəncani (2017), İbrahim Rəisi (2024-də helikopter qəzasında həlak olub), Sadiq Amoli Laricani isə bu gün faktiki olaraq siyasi proseslərdən kənarda qalıb.

Müharibə şəraitində yeni liderin seçilməsinin texniki və siyasi çətinlikləri də mövcuddur. Xüsusən, İsrailin hava zərbələri nəticəsində İnqilab Keşikçiləri Korpusunun bir sıra yüksək rütbəli komandirlərinin həlak olması hakimiyyətin ötürülməsində yeni risklər yaradıb.

ABŞ Prezidenti Donald Tramp isə ötən həftə sosial mediada bildirib: “Biz çox yaxşı bilirik ki, “Ali Lider” harada gizlənir. Onu vurmaq çətin deyil”.

Ekspertlər hesab edir ki, Xameneinin ölümündən sonra İran rejimi əvvəlki kimi olmayacaq və ciddi dəyişikliklər qaçılmazdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı