İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançı Qətər Xarici İşlər Nazirliyinin müşaviri Məhəmməd Əl-Xəlifi ilə telefon danışığında bu ölkəyə regionda təhlükəsizliyin artmasının qarşısının alınmasında konstruktiv roluna görə təşəkkür edib.
Modern.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, İran və Qətər Xarici İşlər nazirliklərinin rəsmiləri arasında telefon danışığı bu gün səhər baş tutub.
Bu telefon danışığında tərəflər ikitərəfli əlaqələri nəzərdən keçirib, İsrail və ABŞ-ın İrana qarşı hücumlarından sonra regionda baş verən son hadisələri dəyərləndiriblər.
Xarici işlər nazirinin müavini Taxt Rəvançı İran və Qətər xalqları arasında dostluq və möhkəm əlaqələrə toxunaraq, Tehranın iki ölkə arasında mehriban qonşuluq və qarşılıqlı maraqlar əsasında əlaqələri qoruyub saxlamaq və gücləndirmək əzmində olduğunu vurğulayıb.
O bildirib ki, İran ABŞ və İsrailin region ölkələri arasında təfriqələrə səbəb olan fəaliyyətinə imkan verməyəcək.
İran rəsmisi həmçinin Qətərin regionda gələcək təhlükəsizliyin qarşısının alınmasında konstruktiv rolunu yüksək qiymətləndirib.
Qətər Xarici İşlər Nazirliyinin müşaviri Məhəmməd Əl-Xəlifi də İran-Qətər əlaqələrinin xüsusi xarakterinə toxunaraq, bütün region ölkələrinin təhlükəsizlik və sabitliyin qorunması üçün birgə səy göstərməli olduğunu xatırladıb.
Xatırladaq ki, ABŞ və İsraillə İran arasında bu gün səhərdən qüvvəyə minən atəşkəs razılaşması Qətərin vasitəçiliyilə əldə olunub.