Modern.az

Kılıçdaroğlu CHP sədrliyinə qayıdışını İSTİSNA ETMİR

Kılıçdaroğlu CHP sədrliyinə qayıdışını İSTİSNA ETMİR

Dünya

25 İyun 2025, 15:28

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayı ilə bağlı məhkəmənin qərarı iyunun 30-da açıqlanacaq.

Modern.az-ın məlumatına görə, iyunun 30-da Ankaranın 42-ci Asliye Mülki Məhkəməsində baxılacaq iş üzrə qərarın partiyanın gələcək rəhbərliyi üçün ciddi nəticələr doğura biləcəyi bildirilir.

Əgər məhkəmədən “mutlaq butlan” - yəni qurultayın nəticələrinin ləğvi qərarı çıxarsa, sabiq sədr Kamal Kılıçdaroğlu yenidən CHP-nin rəhbərliyinə qayıda bilər.

Mətbuatda dərc edilən xəbərlərə görə, partiya rəhbərliyi bu ehtimalı neytrallaşdırmaq üçün Kılıçdaroğluna “vəzifəni qəbul etməmək” barədə təklif irəli sürsə də, o bu təklifi rədd edib. Kılıçdaroğlu partiyaya “qəyyum” təyin olunması riskini qəbul etmədiyini və belə bir vəziyyətdə məsuliyyətdən qaçmayacağını bildirib.

CHP-də “Kılıçdaroğlu geri qayıdacaqmı, yoxsa partiyaya qəyyum təyin olunacaq?” müzakirələri gedir. Sabiq sədrin komandasına yaxın mənbələrə görə, əgər “mutlaq butlan” qərarı çıxarsa, Kılıçdaroğlu məcburən vəzifəyə dönəcək və partiyanı növbəti qurultaya aparacaq. Onun bu qurultayda yenidən namizəd olmayacağı bildirilir.

Hazırkı rəhbərlik isə ehtiyatlanır ki, Kılıçdaroğlu prosesi uzadaraq partiya strukturunu özünə uyğunlaşdırmaq niyyətində ola bilər. Bu səbəbdən məhkəmədən belə bir qərar çıxacağı təqdirdə sabiq sədrin partiya qərargahına daxil olmasının qarşısının alınması planlaşdırılır.

Kılıçdaroğlunun tərəfdarları belə bir gərginliyin müvəqqəti xarakter daşıyacağını və nəticədə Kılıçdaroğlu ilə indiki sədr Özgür Özel arasında razılaşma əldə olunacağını gözləyirlər.

Bu arada partiya rəhbərliyi Kılıçdaroğlunun qayıdışı halında seçicilərin narazılığının artacağını və CHP-nin reytinqində ciddi eniş baş verəcəyini düşünür. Lakin sabiq sədrin öz tərəfdarları əmindirlər ki, o, yenidən namizəd olmamaq qərarını açıqlamaqla yaranmış böhranı yumşalda bilər.

Məhkəmənin “mutlaq butlan” qərarı verib-verməyəcəyi isə hələ də müzakirə mövzusudur. Bəzi hüquqşünaslar belə bir qərarın dərhal qüvvəyə minməyəcəyini və apellyasiya prosesinin uzun zaman ala biləcəyini qeyd edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?