İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai qonşu ölkələrlə bağlı açıqlama verib.
Modern.az xəbər verir ki, İsmayıl Bəqai iyunun 30-da Tehranda keçirilən mətbuat konfransında deyib ki, İsrailin hücumları zamanı qonşu ölkələrin ərazilərindən İrana qarşı istifadə olunduğuna dair iddialar rədd edilib.
Qonşu ölkələrin torpaqlarının başqa məqsədlər üçün istifadəsinə icazə verməyəcəklərinin fərqində olduqlarını deyən Bekai, bu ölkələrin iddiaları rədd etdiyini və məsələnin diplomatik kanallarla izləndiyini bildirib.
"İstisnasız olaraq, bütün qonşu ölkələr bizi əmin etdilər ki, öz məkan və ərazilərindən İrana qarşı təcavüzkar hərəkətlər üçün sionist rejimin istifadə etməsinə icazə verməyəcəklər. Bu ölkələrlə media hesabatlarında iddia olunan məsələni müzakirə etdik və onların izahatlarını eşitdik. Əminliklə demək istəyirəm ki, bütün hallar müvafiq ölkələr tərəfindən açıq və qətiyyətlə rədd edilib və belə bir sui-istifadəyə icazə verilməyib və gələcəkdə də verilməyəcək. Amma bu məsələ hələ də izlənilir".
Xatırladaq ki, iyunun 13-də İsrail İrana havadan zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçilər - generallar, nüvə alimləri ölüb.
İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da dağıntı və itkilərə səbəb olub.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
12 gün davam edən müharibənin sonu atəşkəslə başa çatıb.