Birləşmiş Ştatların Dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xarici yardımının dayandırıldığını rəsmən elan edib.
Modern.az xəbər verir ki, agentliyin effektivliyini tənqid edən Marko Rubio qurumun fəaliyyəti dövründə inkişaf məqsədlərinə nadir hallarda nail olunduğunu və ABŞ əleyhinə əhvali-ruhiyyənin daha da artdığını vurğulayıb. “Hökumət tərəfindən maliyyələşdirilən səmərəsizlik dövrü rəsmən başa çatdı”, - deyə Dövlət katibi sosial media hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ hökumətinin siyasətinə uyğun gələn və ölkənin maraqlarını təşviq edən xarici yardım proqramları bundan sonra Dövlət Departamenti tərəfindən idarə olunacaq.
Qeyd edək ki, Donald Tramp administrasiyası USAID-nin ləğvi prosesinə fevralın əvvəlindən start verib. Buna qurumun xərclərinin çox yüksək olmasına rəğmən faydasının çox az olduğu səbəb göstərilib. Mart ayında USAID tərəfindən idarə olunan layihələrin 80 faizi ləğv olunub. Qurumun 6200 layihəsindən yalnız minə yaxınının Dövlət Departamentinin nəzarəti altında davam edəcəyi qərara alınıb.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi QİÇS-lə mübarizədən tutmuş müharibə zonalarında yenidənqurma işlərinədək çoxsaylı layihələr həyata keçirirdi.