Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan və fraksiyanın katibi Artsvik Minasyan deputat toxunulmazlıqdan məhrum edilib.
Modern.az xəbər verir ki, bununla bağlı parlamentdə səsvermə keçirilib.
Onlara qarşı cinayət işi başlanacaq.
Seyran Ohanyan Ermənistanın sabiq müdafiə naziridir.
Ohanyana qarşı açılan sonuncu iş Sevan Milli Parkının yurisdiksiyasında olan Ermənistanın Qeqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsi ilə bağlı iddiadır. İstintaq iddia edir ki, Ohanyan müdafiə naziri vəzifəsində işləyərkən qanunsuz olaraq bu sahəyə yiyələnib və orada dövlət büdcəsi hesabına malikanə tikib.
İstintaqın məlumatına görə, Artsvik Minasyan 2016-2018-ci illərdə ətraf mühitin mühafizəsi naziri olduğu müddətdə Ohanyanın əməllərinə hüquqi qiymət vermək üçün heç bir addım atmayıb. Üstəlik, onun Ohanyanla əlaqəsi olan şəxslərə tikintiyə icazə verməklə və bir sıra sənədlərin saxtalaşdırılmasına yol verməklə cinayətin gizlədilməsinə köməklik etdiyi iddia olunur.