Ukrayna ordusu Rusiyanın Krasnozavodsk Kimya Zavoduna hava hücumu edib. Xüsusilə, ruslar orada “Şahed” kamikadze pilotsuz təyyarələri üçün döyüş başlıqları istehsal edir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatında bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin bölmələri tərəfindən Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq çərçivəsində hava hücumu həyata keçirilib.
“Müəssisə pirotexniki vasitələr və döyüş sursatları, xüsusən də “Şahed” tipli PUA-lar üçün termobarik döyüş başlıqları istehsal edir”, - deyə məlumatda bildirilib.
Krasnozavodsk şəhəri ərazisində silsilə partlayışlar qeydə alınıb. Bundan sonra qonşu yaşayış məntəqələrində yanğınsöndürən maşınlar hərəkətə başlayıb.
Baş Qərargah bildirib ki, hücumun nəticələri dəqiqləşdirilir.
Qeyd etmək lazımdır ki, Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodu ikili təyinatlı komponentlərin, o cümlədən döyüş sursatı və sənaye partlayıcıları üçün elementlərin istehsalında ixtisaslaşıb.
Müəssisə Rusiya müdafiə sənayesi üçün strateji əhəmiyyətə malikdir və Rusiya Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi ilə bağlı obyektlər siyahısına daxildir.