Azərbaycanlı jurnalist İranın Ermənistandakı səfirinə məktub yazıb.
Həmin məktubu təqdim edirik:
Diplomatiya məsuliyyətdir, ikiüzlülük deyil.
Hörmətli cənab Mehdi Sübhani,
Bu məktubu sizə diplomatiyanın izzətini itirməməsini istəyən bir insan olaraq yazıram.
Siz İran İslam Respublikasının Azərbaycandakı səfirliyin sabiq əməkdaşı, hazırda isə Ermənistandakı fövqəladə və səlahiyyətli səfirisiniz. Adınız illərdir gündəmdədir. Nə yazıq ki, Sizi gündəmə gətirən diplomatik uğurlar yox, sözünüzlə mövqeyiniz arasındakı uçurumdur.
Siz Bakıda azərbaycanlı jurnalistlətə demişdiniz ki, Təbriz Azərbaycan şəhəridir, sizin olacaq. Siz ora sərbəst gedəcəksiniz. Eyni vaxtda “Azərbaycana gəlmək mənim üçün doğma yurda dönmək kimidir” – deyərək, Azərbaycanla mədəni, mənəvi və tarixi bağlılığınızı vurğulamışdınız.
Həmin dövrdə bu cür açıqlamalar Azərbaycan ictimaiyyətində müəyyən rəğbət yaratmışdı. Bir çoxları sizi “reallığı görən diplomat” kimi qiymətləndirdi. Təbriz, Urmiya, Zəncan kimi şəhərlərdəki azərbaycanlılar sizi dürüst adam hesab etdi.
Ancaq bu gün… başqa bir Sübhanisiniz
Ermənistana səfir təyin olunan kimi, sanki bütün keçmiş bəyanatlarınızı silib atdınız. İndi siz “İran-Ermənistan dostluğu əsrlərə dayanır” deyirsiniz, “Ermənistanın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət daşıyır” bəyanatları verirsiniz.
Sual olunur, bəs, Təbriz kimin diyarıdır, cənab Sübhani?
Siz İrəvanda danışan Mehdi Sübhani ilə Bakıda danışan Mehdi Sübhani arasında nə qədər fərq olduğunu hiss edirsinizmi...
Əgər diplomatlığın bu cür maskalanmaqdan ibarət olduğunu düşünürsünüzsə, bu, sadəcə diplomatiyanın deyil, şəxsinizdə diplomatiyanın tənəzzülüdür.
Sizi nə qıdıqlayır?
Diplomat deyilsinizmi siz?
Diplomatik missiya şəxsiyyət satmaq deməkdirmi?
Hansı motiv sizi bu hala saldı?
Sizi hər ölkədə fərqli danışmağa, ziddiyyətli ritorikaya sürükləyən nədir?
Sizi nə qıdıqlayır, cənab Mehdi Sübhani?
Bu suallar təkcə sizə yox, həm də İran diplomatiyasına ünvanlanıb. Çünki siz təkcə öz adınızla yox, İran bayrağı ilə təmsil olunursunuz.
Sizin bu ziddiyyətli çıxışlarınız İranın Cənubi Qafqaz siyasətini də xaotik göstərir. Həm rəsmi Bakıya yaxın, həm də İrəvana qardaş görünmək xaraktersizliyi saxta balans yaratmaq cəhdidir.
Bunu İranın içində milyonlarla Azərbaycan türkü də görür, Ermənistandakı dairələr də anlayır. Və nəticədə heç kim sizə inanmır, nə Təbriz sizi öz adamı sayır, nə də Yerevan sizi səmimi hesab edir.
Bu gün siz diplomat yox, siyasətə uyğun formalanan kimliksiz bir portretsiniz.
Siz diplomat olduğunuzu unutmusanız.
Diplomat olmaq ölkənin rəsmi mövqeyini, sabit prinsipini təmsil etmək deməkdir. Sizin halınızda isə bu anlayışlar yerini mövqesiz, prinsipsiz “xoşagələn danışığa” verib.
Bakıda “qardaş” deyirsiniz, İrəvanda “qədim dost”.
Sonda isə bu ziddiyyətin altından yalnız boşluq və etimadsızlıq qalır.
Kimliksiz diplomat etibarsız sima deməkdir. Siz “Təbriz sizin diyarınızdır” deməklə azərbaycanlıların könlünü aldınız, sonra da İrəvanda dediklərinizlə o etibarı bir anda qırdınız. Bunun adı nədir?
Tarix belə adamlara “müvəqqəti fayda üçün dəyərləri qurban verənlər” kimi baxır. Və bir şeyi unutmayın. Xalqların yaddaşı diplomatların notlarından daha uzunömürlüdür.
Sonda sizə diplomatiyanın əsl mənasını xatırladıram.
Diplomat olmaq ikiüzlü olmaq deyil.
Diplomat olmaq etibar qazanmaq, onu qorumaqdır.
Diplomat olmaq xalqla xalq arasında körpü qurmaqdır, nifaq toxumu səpmək deyil.
Diplomat olmaq “söz adamı” olmaqdır, “rəng dəyişən adam” yox.
Siz isə bu körpüləri dağıtdınız. Sözünüzlə ucuzlaşdınız.
İranın özünü belə ziddiyyətlərə çəkdiniz.
Sizə qalan sadəcə bir sualdır.
Sizi nə qıdıqlayır, cənab Mehdi Sübhani? Gah deyirsiniz “Xankəndi Kommünikesi” İranın rəsmi mövqeyi deyil, gah da deyirsiniz İsrail İranı Azərbaycan ərazisindən vurub.
Bu nədi, diplomatiya yoxsa meyxana?
Ermənistan konyakı sizə bir az çox təsir edib, cənab səfir.
Sərxoş diplomatiya ilə məsuliyyətli dövlət təmsil olunmur. Yoxsa sizi konyak qıdılayır.
Siz Bakıda çalışanda arada Ağayi Çurbanı də deyirdilər sizə. Bu haqqınız halalınızdır.
Hörmətlə, Elnur Əmirov