Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə xüsusi əməliyyat çərçivəsində Kiyevdə UTX-nin polkovnikini öldürən xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdiriblər.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanı özünün teleqram kanalında məlumat yayıb.
Xüsusi əməliyyata UTX-nin rəhbəri Vasili Malyukun şəxsən rəhbərlik etdiyi qeyd olunur.
"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilib və üç gün əvvəl UTX-nin əməkdaşı, polkovnik yoldaşımız İvan Voroniç öldürülüb. Gizli axtarış və aktiv əks-kəşfiyyat fəaliyyəti nəticəsində düşmənin məkanı aşkar edilib. Həbs zamanı müqavimət göstərməyə başlayıblar, atəş açanlar zərərsizləşdirilib", - Malyuk deyib.
İstintaqın məlumatına görə, ukraynalı polkovnikin qətlini iki nəfər - kişi və qadın törədib. Onların idarəçisi UTX-nin əməkdaşını izləməyi, onun gündəlik cədvəlini və səyahət marşrutlarını təyin etməyi əmr edib.
Xatırladaq ki, iyulun 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Kiyevin Qoloseyevski rayonunda güllələnib. O, 5 güllə yarası alıb və hadisə yerində ölüb.