Böyük Britaniyanın növbəti müharibəsi “böyük ehtimalla” kosmosda başlaya bilər.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kosmik Komandanlığının rəhbəri, general-mayor Pol Tedman “The Telegraph” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “kosmik sahə” qarşıdakı illərdə daha da önəmli olacaq. O, ölkəni Yerdənkənar təhdidlərdən qorumaq üçün investisiyaların artırılmasına çağırıb.
“Kosmos hərbi inkişafın ən sürətlə böyüyən sahələrindən biridir və Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Kreml bu sahədə üstünlük təşkil edirdi, o zaman Ukraynanın peykləri sıradan çıxarılmışdı. Hazırda xarici dövlətlər qırıcı təyyarələr göndərməzdən əvvəl hava məkanının üzərindəki sahəyə nəzarəti ələ keçirməyə çalışırlar. Böyük Britaniya və ABŞ isə kosmosda istifadə edilə biləcək silahlar hazırlayırlar”, – deyə nəşr qeyd edir.
Tedmanın sözlərinə görə, Böyük Britaniya öz peyklərinə qarşı təhlükələrə daha diqqətlə yanaşmalı və daxili kosmik imkanlara daha çox sərmayə qoymalıdır.
Jurnalist ondan növbəti müharibənin kosmosda başlayıb-başlamayacağını soruşduqda general-mayor belə cavab verib:
“Bu, çox ehtimal olunur. Hava məkanının təhlükəsizliyini təmin etmək üçün əvvəlcə kosmosun təhlükəsizliyi təmin edilməlidir, çünki bu, sizə quru və dəniz məkanında hərəkət azadlığı verir. Əgər bu fikirlə razısınızsa, məntiqi nəticə odur ki, hər hansı hərbi əməliyyata başlamazdan əvvəl kosmosda nəzarət əldə olunmalıdır”.