Eks-prezidentlər Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi ilə Serj Sarkisyanın sədri olduğu Ermənistan Respublika Partiyası arasında qarşıdan gələn seçkilər üçün danışıqlar gedir.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirlib ki, uzun müddətdir davam edən gizli danışıqlarda məqsəd seçkilər üçün yeni simalar müəyyənləşdirmək və yenilənmiş gündəliyə malik siyasi cəbhə yaratmaqdır.
“Hələ ki tərəflər bunu rəsmən inkar edir və çox güman ki, razılaşmalar konkret şəkil alana qədər belə davam edəcək. Ancaq bu mövzuda məlumatlar vaxtaşırı mediaya sızır”.
“Hraparak” qeyd edib ki, təxminən bir il əvvəl keçmiş ombudsman Arman Tatoyan, Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan, İrəvanın keçmiş meri Hayk Marutyan, politoloq və Demokratik Alternativ Partiyasının lideri Suren Surenyants, eləcə də digər ictimai xadimlərin mümkün birləşmə ilə bağlı danışıqlar aparması barədə də məlumatlar yayılıb.
Hazırda mümkün ittifaqın müxtəlif formatları müzakirə olunur. Yuxarıda qeyd olunanların bəziləri birləşməyə qoşula, ya da ondan kənarda qala bilər. Onlara potensial olaraq “Həyat üçün ölkə” partiyası, Viktor Mnatsakanyanın rəhbərlik etdiyi “Qələbə” partiyası və Edmon Marukyanın “İşıqlı Ermənistan” partiyası da qoşula bilər.