Modern.az

Putin Amerikadan qorxur, bunu Trampa da demişəm - Zelenski

Putin Amerikadan qorxur, bunu Trampa da demişəm - Zelenski

Dünya

16 İyul 2025, 15:14

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin ABŞ-dan qorxduğunu bildirib.

Modern.az-ın məlumatına görə, Zelenski “Newsmax”a müsahibəsində deyib ki, Amerika rəsmilərinin, o cümlədən ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloqun səfərləri zamanı Rusiyanın Kiyevi atəşə tutmasının intensivliyinin azalması bunu təsdiqləyir.

"General Kelloq Kiyevə gəldi və iki gecə dalbadal heç bir kütləvi hücum olmadı. Bu, çox maraqlı nümunədir... hətta insanlar artıq ona Ukrayna pasportu verilməli olduğu barədə zarafatlaşırlar", - Zelenski deyib.

Kelloq Kiyevə Donald Trampın ABŞ-ın yeni yanaşmasını elan etməsindən qısa müddət sonra gəlib: Ukraynanı Patriot raketləri və sistemləri ilə dəstəkləmək və 50 gün ərzində müharibəni dayandırmasa, Rusiyaya qarşı “çox sərt tariflər” barədə xəbərdarlıq.

Ukrayna prezidenti vurğulayıb ki, Putin ABŞ nümayəndələri Ukraynada olduğu zaman ehtiyatlılıq nümayiş etdirir:

"O, qorxudur, şantaj edir, gərginlik yaradır, amma tam eskalasiyaya getmir. Bu, bir şey deməkdir: Putin Amerikadan qorxur. Mən bunu bütün bu vaxt ərzində deyirəm, prezident Trampa da demişəm. Bu və ya digər şəkildə Putin Amerikadan qorxur. Və mən buna əminəm".

Zelenski ABŞ prezidentlərinin Ukrayna müharibəsi ilə bağlı yanaşmalarındakı fərqliliyi də şərh edib:

"Prezident Tramp Putinə bu müharibəni sona çatdırmaq şansı verir... Mən həqiqətən inanmaq istəyirəm ki, Putin bundan dərs almasa, Tramp əslində yan keçmək mümkün olmayan güclü sanksiyalar tətbiq edəcək və bizə həm Ukraynanı, həm də Avropanı qoruyacaq real müdafiə qalxanı verəcək. Fərq budur".

O, həmçinin əlavə edib ki, Bayden bu müharibəni bitirə bilməyib, lakin Trampın bacaracağına əmindir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi