Modern.az

Şimali Kiprdən Nyu-York görüşü ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

Şimali Kiprdən Nyu-York görüşü ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

Dünya

19 İyul 2025, 12:50

BMT-nin Nyu-Yorkdakı baş qərargahında Kipr məsələsinə dair 5+1 formatında (Türkiyə, Yunanıstan, Böyük Britaniya, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), yunan Kipri və BMT) iki günlük qeyri-rəsmi görüş keçirilib. Geniş tərkibdə danışıqlar BMT-nin Baş katibi Antoniu Quterreşin adından verilən rəsmi naharla başlayıb. Müzakirələrdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türkiyənin xarici işlər naziri Hakan Fidan da yer alıb.

Türkiyənin XİN rəhbəri Ankaranın Kipr məsələsinin həlli ilə bağlı dialoqdan gözləntilərini bölüşüb.

“Türkiyə Kipr türklərinin hüquqlarının pozulduğu heç bir formulu qəbul etmir. Ankara danışıqlardan heç vaxt yayınmayıb və çox konstruktiv mövqe nümayiş etdirir”, – deyə Fidan adada mövcud reallıqların tanınmasının Kiprin hər iki xalqının maraqlarına cavab verəcəyinə əminliyini ifadə edib.

O, həmçinin tərəfləri qarşılıqlı faydalı həll yolları üzərində işləməyə çağırıb.

Məlumat üçün bildirək ki, görüşün bir saat çəkəcəyi nəzərdə tutulsa da, danışıqlar uzun sürüb. Görüşün nə üçün uzandığına dair jurnalistlərin sualını cavablandıran Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis müzakirələrin maraqlı alındığını söyləyib. BMT-nin Baş katibi Antonio Quterreş isə Kipr məsələsinin nizamlanması ilə bağlı danışıqların irəliləməsi üçün icmalararası etimadın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nyu-York görüşünün Şimali Kipr Türk Cümhuriyyəti üçün əhəmiyyətinə gəlincə, Prezident Ersin Tatarın xüsusi müşaviri Gökhan Güler Modern.az-a eksklüziv açıqlama verib. O bildirib ki, Prezident Ersin Tatar Nyu-Yorka müsbət, konstruktiv və gələcəyə hesablanmış gündəmlə səfər edib və məqsədi mart ayında Cenevrədə BMT Baş katibinin iştirakı ilə razılaşdırılan təşəbbüsləri irəli aparmaqla yanaşı, həm də Kipr Türk və Rum xalqları arasında əməkdaşlıq mədəniyyətinin yaradılmasına və etimadın qurulmasına töhfə verəcək yeni təşəbbüslər təqdim etmək olub.

 

"Kipr məsələsinin federal həllinin masadan kənarda qaldığı bir vaxtda Şimali Kipr prezidentliyinə namizədliyini irəli sürən cənab Ersin Tatar Kipr türk xalqının bərabər və təbii hüquqlara malik olduğunu bildirərək, “suveren bərabərlik və bərabər beynəlxalq status” əsasında iki dövlət arasında əməkdaşlığa əsaslanan barışıq və dialoqa dair yeni baxışını təqdim edib", - G.Gülər qeyd edib.

 

Bundan sonraki proseslərlə bağlı dövlət başçısının fikirlərini saytımızla bölüşən G.Güler qeyd edib:

"Kiprdə ümumi zəmin yaranana və rəsmi danışıqlar başlayana qədər hər iki tərəfin xeyrinə olacaq, tərəflər arasında münasibətləri yaxşılaşdıracaq, iki xalqın birgə yaşayışını asanlaşdıracaq məsələlər gündəmə gətirilib.

İllərdir ki, BMT çətiri altında həll yolu tapmaq cəhdləri Yunan Kipri tərəfinin maksimalist və təktərəfli mövqeyi səbəbindən uğursuzluqla nəticələnib. Kipr türk xalqı artıq Yunan Kiprinin qəyyumluğunu qəbul etməyəcək. Biz öz dövlətimizi qurmuşuq və öz yolumuzu müəyyən etmişik. Prezidentimizin dediyi kimi, Kiprdə davamlı həll iki dövlətin suveren bərabərliyinə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modeli vasitəsilə mümkündür.

Suveren bərabərliyimiz və bərabər beynəlxalq mövqeyimiz qəbul olunmayana qədər rəsmi danışıqlar prosesinə girməyəcəyik, çünki 50 il əvvəl federasiyaya yönəlmiş bütün səylər nəticəsiz qalıb və heç bir nəticə verməyib. Xoşbəxtlikdən bu siyasət indi möhkəm qurulub. Yunan Kiprinin rəhbərliyinin Cenevrə görüşündən sonra Şimali Kiprdəki mülkə əsaslanan cinayət əməlləri iki xalq arasında münasibətləri korlayıb və iqtisadiyyatımıza zərər vurmağa yönəlib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi