"İyulun 19-na keçən gecə Rusiya Ukrayna ərazisinə kütləvi hücumlara başlayıb. Düşmən 300-dən çox hücum pilotsuz uçan aparatı və 30-dan çox müxtəlif tipli raketlərdən istifadə edib".
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində azı 10 bölgə zərər çəkib, ölən və yaralananlar var:
"Hücum bütün gecə davam edib. Hava hücumlarının qarşısının alınması hələ də davam edir, bəzi pilotsuz uçuş aparatları səmadadır. Donetsk, Kirovoqrad, Dnepr, Sumı, Xerson, Volın, Zaporojye, Nikolayev, Odessa, Jitomir vilayətləri zərər çəkib. Sumıda kritik infrastruktur zədələnib - minlərlə ailə işıqsız qalıb. Odessada yaşayış binasına raket düşüb - biri uşaq olmaqla azı altı nəfər xəsarət alıb. Bir nəfər ölüb. Pavloqradda mərmilər yaşayış evlərinə və mühüm infrastruktura ziyan vurub. Hücum baş verən yerlərdə xilasetmə xidmətləri işləyir, bərpa işləri aparılır".