Dünya ictimaiyyəti Kipr reallığını qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Lefkoşadakı ŞKTC Prezident Kompleksində bildirib.
Onun sözlərinə görə, Türkiyə Şimali Kipr xalqının yanında olub və olacaq, Kipr türklərinin rifahının artmasına töhfə verməyə davam edəcək.
“Ankara ŞKTC-nin siyasi və iqtisadi inkişafı məsələsində Lefkoşanı dəstəkləyir. Biz hər zaman Kiprdə olacağıq”, - deyə Türkiyə lideri əmin edib və qeyd edib ki, Ankaranın dəstəyi sayəsində ŞKTC “Şərqi Aralıq dənizinin parlaq ulduzuna” çevrilib.
Türkiyə Prezidenti Kiprdə fikir ayrılıqlarının “iki dövlət” prinsipi əsasında həlli ilə bağlı ŞKTC lideri Ersin Tatarın mövqeyi ilə tam həmrəy olduğunu vurğulayıb.
“Kipr türklərinin on illər ərzində üzləşdiyi haqsızlığa son qoyulmalıdır. Türkiyə Lefkoşa yolunda maneələr yaratmağa çalışan qüvvələrin hiylələrinə cavab olaraq Kipr türkləri önündə yeni qapılar açmağa davam edir”, - deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.