Modern.az

Ermənistan Zəngəzurda dəmir yolu tikməyə hazırdır - bu şərtlə...

Ermənistan Zəngəzurda dəmir yolu tikməyə hazırdır - bu şərtlə...

Dünya

21 İyul 2025, 13:14

Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanın mövqeyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, o, Ermənistanın mövqeyinin birmənalı olduğunu və bu məsələdə yalnız qarşılıqlı suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipləri çərçivəsində razılaşmalara açıq olduqlarını bildirib.

“Ermənistan Sünik vilayəti (Zəngəzur - red.) ilə Ermənistanın digər hissələri arasında, eləcə də üçüncü ölkələrdən və üçüncü ölkələrə Azərbaycanın ərazisindən keçməklə nəqliyyat əlaqələrinin bərpasına ümid edir. Bunun müqabilində isə Ermənistan da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında, həmçinin Azərbaycanla üçüncü ölkələr arasında tranzit əlaqələrinin öz ərazisindən keçməsinə hazırdır”, – deyə Bağdasaryan qeyd edib.

O vurğulayıb ki, bu keçidlər beynəlxalq standartlara uyğun gömrük və sərhəd nəzarəti ilə müşayiət olunmalıdır:
“Ermənistana daxil olan yüklər və şəxslər, o cümlədən tranzit yüklər gömrük-sərhəd nəzarətindən keçməlidir. Ermənistan kimin ərazisinə daxil olduğunu, nə zaman tərk etdiyini bilməlidir. Əks halda, bu, qaçaqmalçılıq və qadağan olunmuş malların dövriyyəsi üçün açıq qapı ola bilər”.

Bağdasaryan əlavə edib ki, bu prosedurlar müasir texnologiyalar vasitəsilə - biometrik pasportlarla, onlayn bəyanetmə və yüklərin skan edilməsi yolu ilə də həyata keçirilə bilər. O, həmçinin Ermənistandan keçən vaqonların plombalanmasının zəruriliyini və beynəlxalq tranzit rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.

Dəmir yolu məsələsinə toxunan mətbuat katibi bildirib ki, Ermənistan yalnız Azərbaycanla razılaşma əldə olunacağı təqdirdə Zəngəzurda 42 kilometrlik dəmir yolu çəkilişinə başlayacaq: “Azərbaycanla razılaşdırılmadan bu yol hətta Ermənistanın daxili daşımaları üçün belə istifadə oluna bilməz”.

Onun sözlərinə görə, Azərbaycanla razılaşma əldə edilərsə, dərhal dəmir yolunun tikintisinə başlanılacaq və artıq bu istiqamətdə ilkin hazırlıq işlərinə, o cümlədən Nüvədi kəndi üçün yeni yolun çəkilişinə start verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü