Yakutiyada (Rusiya) “Denisovski” mədən-emalı kompleksinin ərazisində avtobusun aşması nəticəsində 13 nəfər həlak olub, 20 nəfər zərər çəkib.
Modern.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin dəqiqləşdirilmiş məlumatlarına əsasən, avtobusda cəmi 33 nəfər olub. On zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır. Daha 10 nəfərə ambulator yardım göstərilib.
Yakutiyanın rəhbəri Aysen Nikolayevin sözlərinə görə, müəssisənin işçilərini daşıyan avtobus texnoloji yoldan çıxıb. Hadisə yerində təcili tibbi yardım xidmətləri işləyir, Yakutskdan tibbi briqadanın olduğu təcili tibbi yardım təyyarəsi yola düşüb.
İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, növbəli iş rejimində çalışan işçilərin həlak olması və xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb. Faciənin başvermə səbəbinin və şəraitinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq tədbirləri həyata keçirilir.