Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulmasından yeddi aya yaxın vaxt keçir. Ancaq Rusiya rəsmiləri istintaq prosesi barədə Azərbaycana heç bir məlumat təqdim etməyib.
Azərbaycan Rusiyadan günahını etiraf etməsini, təyyarəni vuranların cəzalandırılmasını və ailələrə təzminat ödənilməsini tələb edir.
Rəsmi Bakı, həmçinin təyyarənin vurulmasına görə Rusiyanı məhkəməyə verməyə hazırlaşır. "Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq", - Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda bildirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Modern.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev III Qlobal Şuşa Media Forumunda Qroznı səmasında vurulmuş AZAL-a məxsus təyyarəyə görə Rusiyadan tələbimizin dəyişilmədiyini və müvafiq addımlar atılana qədər gözlədiyimizi bildirdi. Onun sözlərinə görə, əslində təyyarəyə görə kompensasiyanın ödənilməsi Rusiya üçün heç də böyük bir çətinlik yaratmır:
“Burada təkcə kompensasiyadan söhbət getmir. Həm də Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir. Rusiya üçün ən çətin və qəbul edilməz sayılan məsələ məsuliyyətini etiraf edərək Azərbaycandan üzr istənilməsidir. Çünki, Rusiya hələ də imperiya təfəkküründədir və hesab edir ki, o boyda böyük ölkə Azərbaycan qarşısında günahını necə etiraf etsin. Amma anlamır ki, biz XXI əsrdə yaşayırıq və sovetlərin tərkibində yaşamış respublikalar artıq müstəqildirlər”.
Millət vəkili qeyd edib ki, hər bir respublika müstəqil ölkə kimi BMT-nin üzvdir və beynəlxalq hüquq qarşısında hamı bərabərdir:
“Yəni burda “böyük-kiçik qardaş”, “bizim dediyimiz kimi olmalıdır “ təfəkkürü olmamalıdır. Bəli, Azərbaycan özünə hörmət qoydura bilən və dünyada qəbul olunmuş etibarlı tərəfdaşdır”.
Deputat vurğulayıb ki, bu məsələni beynəlxalq mətbuat da geniş işqlandırır və ədalətli mövqeyimizi dünya ictimaiyyəti də görür:
“Rusiya isə müvafiq addımların atılması əvəzinə media resurslarında absurd açıqlamalar verir və məsələni mahiyyətindən yayındırmağa çalışır. Məsələn Peskov ötən gün deyib ki, əgər Azərbaycan Rusiya Federasiyasına qarşı məhkəməyə müraciət etmək qərarı versə, Moskva rəsmi qərarları gözləyəcək. Rusiya üçün vacibdir ki, Azərbaycanda ruslara hörmətlə yanaşılsın və s. Azərbaycan nəinki ruslara, həm də bütün millətlərə çox hörmətlə yanaşan ölkədir. Peskov bilməlidir ki, eyni addımları biz Rusiyadan da gözləyirik”.
A.Badamov onu da əlavə edib ki, rus hakimiyyət orqanları, ekspertlər və KİV-lər də AZAL təyyarəsi faciəsi ilə bağlı səslərini çıxartmırlar:
“Sanki belə bir hadisənin, cinayətin baş vermədiyi kimi özlərini göstərirlər və Azərbaycanla arasında yaranmış gərginliyin əsasında Yeketerinburq hadisələri olduğunu göstərməyə çalışırlar. Əslində həm Yeketerinburq hadisələri və bu gün Azərbaycan diasporunun rəhbərlərinə qarşı elan olunmuş müharibə, istərsə də fevral ayında dövlət mətbuat orqanlarımızın rəsmi saytlarına qarşı kibermüdaxilə və elə mənə qarşı da Moskvada göstərilən qeyri-dost hərəkət AZAL təyarəsinə görə Azərbaycanı özünün ədalətli tələblərindən geri çəkdirməsinə hesablanmışdır”.
Müsahibimiz bildirib ki, III Şuşa Qlobal Media Forumunda dövlət başçımızın səsləndirdiyi fikirlər beynəlxalq hüquqa və ədalətə əsaslanır:
“Rusiya vurduğu təyyarəmizə görə müvafiq prosedurları icra etməyəcəyi təqdirdə mübahisənin beynəlxalq məhkəmə müstəvisində həll olunması üçün müraciət etmək Azərbaycanın hüququdur”.
Onu da qeyd etmək vacibdir ki, dünyadan təcrid olunmuş Rusiyaya Azərbaycanla münasibətlərin normallaşdırılması vacibdir:
“Bu baxımdan Rusiyanın Azərbaycana təzyiq göstərmək cəhdlərindən çəkinərək günahını etiraf edəcəyinə və müvafiq addımları atıb yaxın qonşuluq münasibətlərinin gərginləşməsinə aparan hərəkətlərdən çəkinəcəyinə ümid edirik. Əgər Rusiya yaxın qonşusu Azərbaycanla münasibətlərini həqiqətən normallaşdırmaq istəyirsə ədalətli və səmimi olmalıdır”,- deyə millət vəkili bildirib.
Aytac Bəhruzqızı