Azərbaycan qazının Suriyaya tədarükünə avqustun 1-dən başlanması planlaşdırılır.
Modern.az xəbər verir ki, qaz Suriyaya Türkiyə üzərindən Kilis boru kəməri ilə tədarük ediləcək.
“Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunan yeni enerji xəttinin 1 avqustda istifadəyə verilməsi planlaşdırılır. Azərbaycandan gələn təbii qaz Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılacaq. Bu layihə Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur”, - məlumatda qeyd olunur.
Qeyd olunur ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.